Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşkilatçılığı və Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Azərbaycan diaspor fəallarının dəstəyi ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Şəhidlərimizin əmanətinə sevinc bəxş edək” adlı aksiya keçirilib.
“Report” Dövlət Komitəsinə istinadən xəbər verir ki, aksiya zamanı Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələri ziyarət edilib.
Ziyarət zamanı Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ-dəki əlaqələndiricisi Nuranə Hüseynova və DİDK əməkdaşları ölkəmizə parlaq Zəfər qazandıran qəhrəman övladlarımızın Vətənə xidmətlərinin heç bir zaman unudulmayacağını bir daha vurğulayıb, xaricdə yaşayan soydaşlarımızın bu istiqamətdə gördükləri işləri nəzərə çatdırıblar. Sonra şəhid və qazi ailələrinə bayram sovqatları, eləcə də BƏƏ-də yaşayan azərbaycanlı uşaqların ürək sözlərindən ibarət açıqcalar təqdim edilib.
Aksiya Vətən müharibəsinin ilk və yeganə qadın şəhidi, hərbi feldşer Arəstə Baxışovanın 13 yaşlı oğlu Mərdan Məmmədlinin döğum gününə təsadüf etdiyindən, təşkilatçılar onu bu münasibətlə də təbrik ediblər.