Şəhər valisi: "Təbriz bütün azərbaycanlılar üçün əzizdir"

Şəhər valisi: "Təbriz bütün azərbaycanlılar üçün əzizdir" Səfər çərçivəsində media nümayəndələri Mədəni irs, Turizm və Əl İşləri Sənayesi üzrə Mərkəzində olublar
Diaspor
1 Sentyabr , 2017 12:13
Şəhər valisi: Təbriz bütün azərbaycanlılar üçün əzizdir

Təbriz. 1 sentyabr. REPORT.AZ/ Azərbaycanlı jurnalistlər Təbrizə səfər çərçivəsində şəhər valisi (icra başçısı) Rəhim Şöhrətipərlə görüşüblər.

"Report"un Təbrizə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, vali ilk olaraq qonaqlara şəhər barədə ümumi məlumat verib.

Sonra isə Təbriz şəhərinin 2018-ci il üçün İslam ölkələrinin Turizm paytaxtı seçildiyini və 2019-cu ildə bu titul üçün növbədə Bakının olduğunu xatırladıb.

Şəhərin rəhbəri qədim tarixə malik Təbriz şəhərinin bütün azərbaycanlılar üçün əziz olduğunu vurğulayıb: "Təbriz İranda azərbaycanlıların başıdırsa, Azərbaycanında qəlbidir. Bu ürəyin daha da qüvvətlə çırpınmasına çalışmalıyıq. İki dövlət olaraq bizim dilimiz, dinimiz, folklorumuz mədəniyyətimiz hər şeyimizin eynidir".

Səfər çərçivəsində media nümayəndələri Mədəni İrs, Turizm və Əl İşləri Sənayesi üzrə Mərkəzində də olublar.

Qurumun rəhbəri Mürtəza Abdar Təbrizin 2018-ci il üçün İslam paytaxtı seçildiyini xatırladıb və bununla əlaqədar şəhərdə bir neçə beyin mərkəzinin yaradıldığını bildirib. Onun sözlərinə görə, ideyası olan hər kəs mərkəzə gələrək öz fikirlərini bəyan edir: "Bunu kimliyindən, vəzifəsindən asılı olmayaraq hər kəs edə bilər. Bundan sonra toplantı keçirilir və təkliflər müzakirəyə çıxarılır".

Görüşün davamında jurnalistlərin sualları cavablandırılıb və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, səfər Təbriz şəhər bələdiyyəsinin rəhbərliyinin təşəbbüsü ilə baş tutub. 

Son xəbərlər

Orphus sistemi