"Bu gün Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayındakı çıxışı, müharibədən sonra qarşımıza qoyduğu proqram bizim üçün böyük əhəmiyyət kəsb edir".
Bunu “Report”a açıqlamasında Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov deyib.
Onun sözlərinə görə, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi Avropada birmənalı qarşılanmır: “Hələ də dini və digər faktorlarda ermənilərə üstünlük verməyə çalışırlar. Biz dünya azərbaycanlıları olaraq, Azərbaycanın lobbisi istiqamətində, siyasi müstəvidə bu məsələləri daim həll etməli və gündəmdə saxlamalıyıq. Avropa Parlamenti və Avropa Kommisiyası, siyasi partiyalarla işimizi birlikdə qurmalıyıq. Onların diqqətinə çatdırmalıyıq ki, bu müharibə yalnız torpaqlarımızın azad edilməsi üçün başlanıb. Azərbaycan sülhsevər xalqdır. Azərbaycan döyüşdə qazandığı qələbəni siyasi müstəvidə də yüksək zirvəyə çatdırmalıdır".