Rövşən Tağıyev: “Ukraynanın ərazi bütövlüyü uğrunda yüzlərlə, minlərlə azərbaycanlı savaşır”

Rövşən Tağıyev: “Ukraynanın ərazi bütövlüyü uğrunda yüzlərlə, minlərlə azərbaycanlı savaşır” “Ukraynanın ərazi bütövlüyü uğrunda yüzlərlə, minlərlə azərbaycanlı savaşır”
Diaspor
23 May , 2022 17:26
Rövşən Tağıyev: “Ukraynanın ərazi bütövlüyü uğrunda yüzlərlə, minlərlə azərbaycanlı savaşır”
Rövşən Tağıyev

“Ukraynanın ərazi bütövlüyü uğrunda yüzlərlə, minlərlə azərbaycanlı savaşır”.

Bunu “Report”a açıqlamasında Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev söyləyib.

O vurğulayıb ki, Ukrayna vətəndaşı olan azərbaycanlılar ölkənin ərazi bütövlüyü uğrunda da savaşırlar: “Hesab edirəm ki, bu gün Ukraynada sadəcə ölkənin deyil, Qafqaz və Avropanın təhlükəsizliyi məsələsi həll olunur. Ukraynanın savaşdan ərazi bütövlüyünü tam təmin etməklə çıxması Azərbaycanın da marağındadır. Hazırda müharibədə Ukrayna tərəfindən iştirak edən yüzlərlə, minlərlə soydaşımız var. Onların sırasında həlak olanlar, yaralananlar da var. Eyni zamanda Milli Qəhrəmanlar da var. Döyüşlərdə yaralanan azərbaycanlılarla əlaqə saxlayırıq. Fikrimcə, azərbaycanlıların Ukrayna vətəndaşı olaraq, ölkənin ərazi bütövlüyü uğrunda vuruşması, bu barədə məlumatların ölkə mediasında açıqlanması millətimizin müsbət imicini formalaşdırır. Ona görə də hamımız gücümüzü Ukraynanın qələbəsi üçün səfərbər etmişik”.

Onun sözlərinə görə, son üç ayda Ukraynanı çoxlu sayda azərbaycanlı tərk edib, bəziləri artıq qayıdırlar:

"On minlərlə azərbaycanlının təxliyəsində ən çox iş həm səfirlik, həm də digər təşkilatlar, o cümlədən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin regional təşkilatlarının üzərinə düşüb. 24 vilayətin hər birində böyük təşkilatımız var. Xüsusilə qərb zonasındakı vilayətlərdə - azərbaycanlıların köçürülmə istiqamətində yerləşən regional təşkilatlar minlərlə azərbaycanlıya yardımçı olub. Bizim nəinki azərbaycanlılar, digər millətlərin nümayəndələrinin təxliyəsində də böyük əməyimiz olub. Hazırda Ukraynadakı azərbaycanlıların yarısından çoxu qalıb. Gedənlərin əksəriyyəti uşaq və qadınlardır. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi olaraq, ABŞ-dan avtobuslar, tibbi yardım maşını gətirərək Odessanın yerli fövqəladə hallar xidmətinə yerləşdirmişdik. Mariupol, Zaporojye, Xerson, Odessa istiqamətində mart-aprel ayının ortalarınadək 10 minlərlə insan köçürülüb. Əsli bir tərəfdən azərbaycanlı olan keçmiş deputat Georgi Loqvinski vasitəsilə Çerniqov, Sumı, Xarkov zonasındakı insanlara yardımçı olduq”, - diaspor rəhbəri bildirib.

R.Tağıyev hazırda Avropada olduğunu və avrodeputatlarla bir neçə görüşünün olduğunu da qeyd edib: “İndi İtaliyadan Ukraynaya yardımın göndərilməsini müzakirə edirik. Amerikadan isə böyük miqdarda yardımın gəlməsi gözlənilir. Çox gözəl olub ki, Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycandan da yardım gəlib. Bununla əlaqədar Ukraynada Azərbaycan barədə fikirlər çox müsbətdir”.

Diaspor rəhbəri deyib ki, Ukraynadakı durumla bağlı Avropadakı diasporlarla da əlaqə saxlanılır: “İmkan dairəsində yardımçı olurlar. Ümumiyyətlə, biz sistemi elə qurmuşuq ki, yardımlarımız birbaşa dövlət orqanlarına - vilayət administrasiyalarına təhvil verilsin və oradaca da qeyd olunsun. Təəssüf ki, müharibə zamanı fürsətdən istifadə edib pul qazanmaq istəyənlər olur. Düzdür, Ukraynada bu, böyük problemə çevrilməyib, ancaq belə hallar da olur. Bundan başqa, dövlət orqanları görməlidirlər ki, azərbaycanlılar vilayətlərdəki humanitar məsələlərdə aktiv iştirak edirlər. Həmçinin vilayətlərdə ərazi müdafiəsi dəstələrinin başlarında da azərbaycanlılar dayanır. Qida məsələsində də azərbaycanlılar müharibənin ilk günlərindən onminlərlə ukraynalı savaşçıya yemək göndərir”.

Son xəbərlər

Orphus sistemi