​Rövşən Tağıyev: "Ukraynada azərbaycanlılara qarşı neqativ münasibət yoxdur"

​Rövşən Tağıyev: "Ukraynada azərbaycanlılara qarşı neqativ münasibət yoxdur" Odessa hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşının döyülməsindən narahatdırlar
Diaspor
7 Yanvar , 2015 17:08
​Rövşən Tağıyev: Ukraynada azərbaycanlılara qarşı neqativ münasibət yoxdur

Bakı. 7 yanvar. REPORT.AZ/ Ukrayna Millətlər Assambleyası istənilən millətlərarası nifrət, ksenofobiya, antisemitizm, irqi və digər ayrı-seçkiliklərə sərt cavab verəcək. Bu barədə "Report"a həmin təşkilatın sədri Rövşən Tağıyev bildirib. 

O, azərbaycanlı sahibkar Şaiq Həsənovun Ukraynanın Odessa vilayətində döyülməsi ilə bağlı işin gedişini diqqətlə izlədiyini söyləyib. 

Xatırladaq ki, Azərbaycan vətəndaşı Ş.Həsənov yanvarın 2-də həyat yoldaşı və övladı ilə gəzintidə olarkən döyülüb. O, bir qrup gənclə münaqişə nəticəsində milis post-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və ailəsi ilə birgə şöbəyə aparılıb. Ş.Həsənov gənclərin yerinə özünün ailəsi ilə birlikdə həbs olunduqlarına etiraz etdikdə hüquq-mühafizə orqanının əməkdaşı onu tüfəngin qundağı ilə döyüb. Nəticədə Ş.Həsənov huşunu itirib və xəstəxanaya qaldırılıb. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. 

R.Tağıyev deyib ki, zərərçəkmişlə telefon əlaqəsi saxlayıb və hazırda məsələ ilə ictimai təşkilatlar, eləcə də Ukrayna parlamentinin deputatı Aleksey Qonçarenko yaxından maraqlanır. 

"Bundan başqa, biz Baş Prokurorluğa, rayon rəhbərliyinin vəzifələrini icra edən şəxsə, əməkdaşları hadisə yerinə gələn post-patrul xidmətinin rəisinə müraciət etmişik", - təşkilatın sədri qeyd edib. 

O əlavə edib ki, Azərbaycan səfirliyi də xəbərdar edilib. 

R.Tağıyev vurğulayıb ki, bu, son zamanlar baş vermiş ikinci hadisədir. Ukrayna Millətlər Assambleyası və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) bu məsələnin həlli üçün bütün səylərini səfərbər edib. 

O, millətlərarası münasibətlər mövzusuna da toxunaraq qeyd edib ki, ümumilikdə Ukraynada müxtəlif millətlər arasında münasibətlər normaldır, lakin buna baxmayaraq, ölkənin şərqində hərbi əməliyyatlar gedir: "Ukrayna tolerant ölkədir. Burada Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və Ukrayna ordusu tərəfində döyüşən çox sayda rus var. Rus dili ilə bağlı heç bir bir problem yoxdur, insanlar rus dilində danışır, televiziyada rus dilində verilişlər nümayiş olunur". 

R.Tağıyev bildirib ki, Ukraynada hansısa millətin 10 faiz nümayəndəsi yığcam yaşayan dillər regional statusa malikdir.

Assambleya rəhbəri xüsusilə qeyd edib ki, Ukraynada azərbaycanlılara qarşı neqativ münasibət yoxdur.

"Bizim Azərbaycanlılar Konqresi və şəxsən Ukrayna Millətlər Assambleyasının rəhbəri kimi vəzifəmiz azərbaycanlılara qarşı hər hansı bir zorakılıq halları olduğu zaman məsələyə sərt münasibət bildirmək və bu halların gələcəkdə bir daha təkrarlanmasının qarşısını almaqdır", - R.Tağıyev vurğulayıb.

O qeyd edib ki, assambleya Ukraynadakı müxtəlif etnik qrupların birləşməsi üçün yaradılıb: "Öz mədəniyyətimizi qorumağımız lazımdır. Bundan başqa, digər millətlərin nümayəndələrinin də Ukrayna cəmiyyətində birləşməsi, Ukrayna dilini, mədəniyyətini, ənənələrini öyrənməsi lazımdır. Bu onların tam həcmdə Ukrayna vətəndaşları olması üçün tələb olunur". 

Son xəbərlər

Orphus sistemi