Gürcüstanda fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin Azərbaycanın ədalətli mövqeyinin və maraqlarının müdafiə olunması tələbinin əks olunduğu bəyanatı Avropa İttifaqının Tbilisidəki Monitorinq Mərkəzinə təqdim edilib.
"Report" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd olunub ki, mərkəzin icraçı direktoru Rəna Hüseynovanın adından Avropa Parlamentinin üzvlərinə, AŞPA üzv-dövlətlərinin xarici işlər nazirlərinə və parlamentarlarına ünvanlanan müraciətdə Ermənistandan zorla qovulmuş azərbaycanlı qaçqınların ATƏT-in Nazirlər Şurasının “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi, o cümlədən onların qayıtmaq hüququ”nun vurğulamasından və Avropa İttifaqının (Aİ) etnik və dini narrativlərə yönəlmiş yanaşmasından kənarda qalması sərt tənqid olunub.
Aİ-nin ermənilərin Qarabağdan köçməsi prosesində Azərbaycanın iştirak etmədiyinə məhəl qoymaması, Ermənistan tərəfindən 30 il ərzində Azərbaycana qarşı törədilmiş qəsbkar, barbar siyasətə göz yumulması və digər faktlar ölkəmizə qarşı qərəz, seçmə yanaşma və ikili standartın aşkar təzahürü kimi qiymətləndirilib.
“Alyans” Gənclər Mərkəzi beynəlxalq ictimaiyyəti, xüsusilə də Aİ və ATƏT-i öz vasitəçilik missiyasında qərəzsiz olmağa, Azərbaycanla bağlı ədalətli mövqe tutmağa, regionda dayanıqlı sülhün və sabitliyin bərqərar olması prosesinə töhfələr verməyə çağırıb.