Qahirədə Misir-Azərbaycan Dostluq Cəmiyyətinin ofisi açılıb

Qahirədə Misir-Azərbaycan Dostluq Cəmiyyətinin ofisi açılıb Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) əməkdaşlarının Misir Ərəb Respublikasına səfəri çərçivəsində Misir-Azərbaycan Dostluq Cəmiyyətinin ofisinin rəsmi açılış mərasimi və bu ölkədə yaşayan Azərbaycan icması ilə görüş keçirilib.
Diaspor
14 Dekabr , 2021 13:49
Qahirədə Misir-Azərbaycan Dostluq Cəmiyyətinin ofisi açılıb

Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) əməkdaşlarının Misir Ərəb Respublikasına səfəri çərçivəsində Misir-Azərbaycan Dostluq Cəmiyyətinin ofisinin rəsmi açılış mərasimi və bu ölkədə yaşayan Azərbaycan icması ilə görüş keçirilib.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Misirdəki Səfirliyinin əməkdaşları, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin həmtəsisçiləri, Azərbaycan diasporunun, yerli ictimaiyyətin nümayəndələri və tələbələr iştirak ediblər.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin ofisinin açılış lentini DİDK sədrinin müavini Elşad Əliyev, Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev, Misir parlamenti sədrinin sabiq müavini, Seyidlər Şurasının sədri Seyyid Mahmud Şərif kəsiblər.

Cəmiyyətin ofisində davam edən tədbir Azərbaycan və Misirin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Tədbir iştirakçılarına DİDK sədri Fuad Muradovun salamını və təbrikini çatdıran E.Əliyev əlamətdar hadisənin iki dövlət tarixində yeni səhifə açdığını, bu tədbirdə Misir tərəfinin yüksək səviyyədə iştirakını xalqlarımızın tarixi dostluq və qardaşlıq əlaqələrinə nümunə kimi dəyərləndirildiyini, Misirdəki tələbələrin Azərbaycan dilini öyrənməsinin olduqca xoş təəssürat yaratdığını nəzərə çatdırıb.

Misir parlamentinin Dini məsələlər və vəqflər komitəsinin sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin həmtəsisçisi və İdarə Heyətinin üzvü, Prof. Dr. Şeyx Əli Cümə, Misir parlamenti sədrinin sabiq müavini, Seyidlər Şurasının sədri Seyyid Mahmud Şərif və başqaları cıxış edərək cəmiyyətin fəaliyyətinə uğurlar arzu ediblər.

“Azərbaycanda gördüklərimdən sonra fikrimi bir cümlə ilə ifadə etsəm, deyərdim ki, Azərbaycan Misirə dost yox, əsl qardaş ölkədir”, - deyə S.M.Şərif ölkəmizə səfərindən və Prezident İlham Əliyevlə görüşündən aldığı xoş təəssüratları bölüşüb.

Misirdə yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşə isə DİDK-nın, Azərbaycan səfirliyinin əməkdaşları və yerli ictimaiyyətin nümayəndələri qatılıblar.

İki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan görüşdə çıxış edən DİDK sədrinin müavini Elşad Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilən görüşün əhəmiyyətindən, soydaşlarımızın birliyindən, Koordinasiya şuralarının və Azərbaycan evlərinin səmərəli fəaliyyətindən danışıb. Vətən müharibəsi dövründə xalqımızın və diasporumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyini, diaspor təşkilatlarının Azərbaycan həqiqətlərinin təbliğ olunması istiqamətində böyük layihələr həyata keçirdiyini, diasporumuzun fəaliyyətində keyfiyyət dəyişikliyinin baş verdiyini nəzərə çatdırıb.

Səfir Tural Rzayev bildirib ki, ümummilli lider Heydər Əliyevin bünövrəsini qoyduğu diaspor siyasəti uğurla davam etdirilir və DİDK-nın diaspor quruculuğu sahəsində gerçəkləşdirdiyi müxtəlif layihələr böyük əhəmiyyət kəsb edir. Son illər ərzində soydaşlarımızın fəaliyyətində canlanma yarandığı, dünya azərbaycanlılarının tarixi vətənlərinə dayaq olmağa çalışdıqlarını vurğulayan səfir Misirdəki icmamızın yaxşı təşkilatlandığına və keyfiyyətli işlər gördüyünə diqqəti cəlb edib. Qeyd edib ki, bu ölkənin müxtəlif şəhərlərində azərbaycanlılar yaşayır və onların arasında şəbəkələşmənin gücləndirilməsi vacibdir. Çıxışının sonunda səfir Dövlət Komitəsinə uğurlar arzulayıb.

Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misirdəki əlaqələndiricisi, tədqiqatçı-alim Seymur Nəsirov diasporumuzun yerli ictimai-siyasi, elmi və media çevrələri ilə geniş əlaqələr qurması, cəmiyyətə sıx inteqrasiya etməsi, Azərbaycan dilinin misirli və əcnəbi tələbələrə tədris edilməsi, Misirin qədim kitabxanalarında klassik Azərbaycan şairlərinin əlyazmalarının üzə çıxarılmasında diasporumuzun mühüm rolu, azərbaycanlı alimlərin ərəb mənbələrində Azərbaycan tarixi və ədəbiyyatı ilə bağlı məlumatları araşdırması barədə ətraflı məlumat verib.

Tədbir DİDK-nın hesabatının və Misirdəki icmamızın fəaliyyətinin əks olunduğu videoçarxların nümayiş etdirilməsi ilə davam edib.

Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyəti, Misirdə maraqlı layihələr həyata keçirmək məqsədilə icma üzvlərinə fonda müraciət formaları barədə ətraflı məlumat verilib.

Layihələrlə bağlı geniş fikir mübadiləsinin aparıldığı görüş icma üzvlərinin suallarının cavablandırılması və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş ziyafətlə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi