Özbəkistanla diaspor sahəsində əməkdaşlığa dair rəsmi görüşlər keçirilib

Özbəkistanla diaspor sahəsində əməkdaşlığa dair rəsmi görüşlər keçirilib Özbəkistan Respublikasına səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bir sıra dövlət rəsmiləri ilə görüşlər keçirib.
Diaspor
26 May , 2023 10:28
Özbəkistanla diaspor sahəsində əməkdaşlığa dair rəsmi görüşlər keçirilib

Özbəkistan Respublikasına səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bir sıra dövlət rəsmiləri ilə görüşlər keçirib.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, sədr ilk olaraq tərəfdaş qurum olan Özbəkistan Özbəkistanın Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin sədri Rustambek Qurbanovla görüşüb. O, görüş zamanı həmkarına Özbəkistana dəvətə, uğurlu əməkdaşlığa və dost ölkədə Azərbaycan icmasının fəaliyyəti üçün yaradılmış şəraitə, dəstəyə görə təşəkkür edib.

Tərəflər arasında 2022-ci ildə Azərbaycanda keçirilmiş Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu çərçivəsində imzalanmış anlaşma memorandumu çərçivəsində fəaliyyət planı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı Özbəkistanda silsilə tədbirlərin keçirilməsi, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün perspektivlər müzakirə edilib. Görüşün yekununda Komitə sədri F.Muradov tərəfindən Azərbaycan və Özbəkistan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsində roluna, diaspor sahəsində həyata keçirilən uğurlu əməkdaşlığa, Özbəkistanda Azərbaycan icmasına göstərilən diqqət və dəstəyə görə Azərbaycan dövləti adından Rustambek Qurbanova "Diaspor fəaliyyətində xidmətlərə görə” medalı təqdim edilib.

Komitə sədrinin növbəti görüşü Özbəkistan Ali Məclisi Senatının sədr müavini Sadiq Safayevlə baş tutub. Görüşdə Özbəkistan-Azərbaycan əlaqələrinin tarixi köklərə malik olduğu, iki ölkə arasında prezidentlər, parlamentlər və dövlət qurumları arasında münasibətlərin ən yüksək səviyyədə inkişafı, Özbəkistanda yaşayan 40 mindən çox azərbaycanlının inteqrasiyası, onların ölkənin ictimai, siyasi, mədəni həyatında rolu və eyni zamanda Ulu Öndər Heydər Əliyevin iki xalqın, dövlətin dostluq münasibətlərinin daha da möhkəmlənməsində xidmətləri vurğulanıb.

Rəsmi görüşlər sırasında Komitə sədrinin Daşkənd şəhər meri Şavkat Umurzakovla da görüşü keçirilib. Görüş zamanı şəhər meri Komitə sədrinin Daşkənd şəhərinə səfərindən şad olduğunu qeyd edib və ona uğurlar arzulayıb. O, eyni zamanda paytaxt Bakı və Daşkənd şəhərləri arasında daim əlaqələrin yüksək səviyyədə olması, şəhərlərin "Qardaşlaşmış şəhərlər" statusunu, Daşkənd şəhərində Heydər Əliyev adına meydanın, parkın və mərkəzin fəaliyyəti barədə məlumatları Komitə sədrinin diqqətinə təqdim edib.

F.Muradov da öz növbəsində Ş.Umurzakova öz təşəkkürünü bildirib və Komitə tərəfindən həyata keçirilən işlər, "Heydər Əliyev ili" çərçivəsində Özbəkistanda və digər ölkələrdə Azərbaycan diasporu tərəfindən təşkil edilən silsilə tədbirlər, iki ölkə arasındakı tarixi və mədəni əlaqələr barədə danışıb. Görüş gələcək əməkdaşlıq və birgə həyata keçiriləcək layihələrin müzakirəsi ilə başa çatıb.

Komitə sədrinin digər rəsmi görüşü Özbəkistan Respublikasının mədəniyyət və turizm naziri, xalq artisti Ozodbek Axmedoviç Nazarbekov ilə keçirilib. Nazir Komitə sədrini salamlayaraq, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərindən sonra Daşkənd şəhərində növbəti görüşündən məmnunluğunu ifadə edib. Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirzizoyevin xalqların mədəni irsini daim diqqətdə saxladıqlarını qeyd edən nazir öz növbəsində bu istiqamətdə fəaliyyətin daha da genişləndirildiyini və mədəniyyətlərarası mübadilənin vacibliyini qeyd edib.

Komitə sədri F.Muradov öz növbəsində səmimi və xoş qəbula görə nazirə təşəkkürünü və ölkələrimiz arasında dostluğun, tərəfdaşlığın ölkə prezidentlərinin timsalında hər kəsə örnək olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan və özbək diasporlarının xarici ölkələrdə də bir-birinə dəstəyi və əməkdaşlığı bizim xalqların birliyini, dostluğunu daha da artırır. Tərəflər təşəbbüslərin və birgə layihələrin dəstəklənməsini müzakirə ediblər. Görüş xatirə hədiyyələrinin təqdim edilməsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi