Azərbaycan diasporu Özbəkistanın paytaxtı Daşkənd şəhərindəki “Yeni Özbəkistan” parkında keçirilən təntənəli Novruz şənliyində iştirak edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Report" a verilən məlumata görə, tədbir çərçivəsində Azərbaycan Milli Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə yaradılan Azərbaycan sərgisini ziyarət edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev diasporumuzun üzvləri ilə görüşüb.
Soydaşlarımızı bayram münasibətilə təbrik edən dövlət başçısı sərgidə nümayiş olunan eksponatlarla tanış olub, Azərbaycan musiqisini və mahnılarını dinləyib. Söhbət zamanı Şavkat Mirziyoyev bildirib ki, sentyabrda Azərbaycana səfər edəcək və səfər çərçivəsində Füzuli şəhərində Özbəkistan dövləti tərəfindən inşa edilən məktəbin açılış mərasiminə qatılacaq.
Mərkəzin rəhbərliyi soydaşlarımız adından Özbəkistanın dövlət başçısına minnətdarlığını bildirib.
Bayram konsertində müxtəlif xalqların, o cümlədən azərbaycanlıların da yaradıcı kollektivi çıxış edib.