Nyu-York şəhərindəki Türk Evində “Türk dünyasının yəhudi icmaları: keçmişdən gələcəyə dəyərlərin qorunaraq çatdırılması” adlı tədbir keçirilib.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Türkiyənin Nyu-Yorkdakı Baş konsulluğunun və Amerika-Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Buxara, Qafqaz, Səfərad və Aşkenazi yəhudilərinin nümayəndələri iştirak ediblər.
Müsəlman və yəhudilərin ümumi dəyərləri, tarixi bağları və müasir dünyadakı əlaqələri haqqında açılış nitqi ilə çıxış edən Amerika-Azərbaycan Cəmiyyətinin rəhbəri Tomris Azəri Türkiyə, Azərbaycan, Özbəkistan və Qazaxıstanda məskunlaşan yəhudi icması üzvlərinin əsrlərdir sülh və əmin-amanlıq, tolerantlıq şəraitində yaşadıqlarını, yerli xalqlarla birgə əməkdaşlığını xüsusi vurğulayıb.
Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Reyhan Özgür müxtəlif dinlərdən olan qədim xalqların əsrlər boyu türk dünyası ərazilərində birgə yaşayışından danışıb. Diplomat həmin xalqların hər zaman fikir və söz azadlığı hüquqlarına malik olduğunu, öz dini mərasim, ayin və tədbirlərini sərbəst şəkildə keçirdiklərini nəzərə çatdırıb.
Amerika Buxara Yəhudiləri Konqresinin vitse-prezidenti David Pinxasov və Qafqaz Yəhudiləri Cəmiyyətinin rəhbəri Yakov Abramov Özbəkistan və Azərbaycanda məskunlaşan yəhudi icmaları üzvlərinin tolerant və multikultural mühitdə yaşadıqları barədə fikirlərini bölüşüblər.
Tədbir Buxara yəhudi icmasının təmsilçisi Tamara Katayevin ifası ilə davam edib.
Qeyd edək ki, Amerika-Azərbaycan Cəmiyyəti 1957-ci ildə ABŞ-da təsis edilib. Cəmiyyət Azərbaycanın mədəni-tarixi irsinin təbliği, elmi, iqtisadi və mədəni sahələrdə ABŞ və Azərbaycan arasındakı əlaqələrin gücləndirilməsi məqsədinə xidmət edir. Müxtəlif təşkilatlar, assosiasiyalar, etnik və dini qruplarla sıx əməkdaşlıq əlaqələri quraraq, Qafqazda sülhün möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.