“Diasporla İş üzrə Dövlət Komitəsinin yaranma günü Azərbaycanın dövlət quruculuğu tarixində çox əhəmiyyətli günlərdən biridir”.
Bunu “Report”a açıqlamasında Almaniya Azərbaycanlıları Alyansının sədri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.
O bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan diaspor siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən mükəmməl şəkildə strateji olaraq idarə olunur:
“Bu baxımdan Diasporla İş üzrə Dövlət Komitəsinin dünya azərbaycanlıları ilə dövlətçilik prinsipləri və ənənələri çərçivəsindəki fəaliyyəti özünün ən nümunəvi dövrünü yaşayır ki, burada da Azərbaycan liderinin ortaya qoyduğu prioritet - sülh sevər Azərbaycanın koordinasiyalı şəkildə tərənnümü - ümumi fəaliyyət planının ana xəttidir”.
N.Abdullayev deyib ki, bu gün dünya azərbaycanlılarının birliyini istənilən səviyyədə qoruyub saxlamaq və önə qoyulan məqsədlər istiqamətində birgə fəaliyyət göstərmək kimi məsuliyyəti üzərinə götürən Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşları bu işi peşəkarlıqla icra edirlər:
"Onlarla əməkdaşlıqdan xalqını və dövlətini sevən hər kəs məmnundur. Əminəm ki, hazırki postmünaqişə dövründə Azərbaycanın diaspor siyasətindəki çox şaxəli yeni məqsədlər istiqamətindəki birgə fəaliyyət də son illərdəki kimi nümunəvi olacaq və bu fəaliyyət nəticəsində də Azərbaycan özünün inkişafı baxımından bir növbəti mərhələyə qədəm qoyacaq. Bu inkişafın əsasını da lobbiçilik və diaspor fəaliyyəti ilə yanaşı müxtəlif ixtisaslarda xaricdə dövlət dəstəyi ilə qazanılmış misilsiz təcrübələr təşkil edir ki, onların zamanında Azərbaycanda tətbiqi nümunəvi gücümüzü və qüdrətimizi daha da artırar”.