Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədri vəzifəsinə seçkilər keçirilib.
"Report" xəbər verir ki, bu vəzifəyə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev seçilib.
N.Abdullayev daha əvvəl Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinə sədr müavini olub.
Xatırladaq ki, N.Abdullayev uzun illərdir Almaniyanın Köln Universiteti Klinikasının şöbə müdiri və həkimidir.
Aktiv diaspor fəaliyyəti ilə məşğul olan həmvətənimiz həmçinin tibb elmi sahəsində onlarla elmi tədqiqatın müəllifidir.
Onun müəllifi olduğu elmi tədqiqatlar-araşdırmalar və tibb elminə gətirdiyi yeniliklər dünyaca nüfuzlu jurnallarda dərc olunaraq geniş oxucu kütləsinə təqdim edilib. O, beynəlxalq elmi arenada insult xəstələri ilə bağlı nüfuzlu elmi jurnallarda ən çox elmi tədqiqatları dərc olunan və aktiv elmi fəaliyyətlə məşğul olan ilk gənc azərbaycanlı kimi tanınır.
N.Abdullayev COVID-19 virusu ilə bağlı dünya elminə mühüm elmi tədqiqatlar və ciddi elmi nəticələr təqdim edən ilk azərbaycanlı alimdir.
O, Almaniyada insult xəstələrində beyin əməliyyatlarını icra edən ən gənc həkimlərdən biridir.