Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan icması fəallarının Haaqa Ədalət Sarayının önündə dinc aksiyası keçirilib.
"Report" xəbər verir ki, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının dəstəyi və “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə baş tutan aksiya ölkəmizə qarşı 30 il ərzində işğalçı siyasət yürütmüş Ermənistanın dünya ictimaiyyətini yenidən siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirmək və Azərbaycanın Qarabağ bölgəsində təxribatlar törətmək cəhdlərinə etiraz məqsədilə gerçəkləşdirilib.
Aksiya zamanı Azərbaycanın və Türkiyənin bayraqları dalğalandırılıb, ölkəmizin Qarabağ bölgəsinə həsr olunmuş muğam parçaları və mahnıları ifa edilib.
Niderland ictimaiyyətinin diqqəti “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir”, “Ermənistan sülhü rədd edir, müharibəni seçir”, “Ermənistan, sülh sazişini imzala!”, “Ermənistan faktları təhrif edir, dünya ictimaiyyətini aldadır”, “Azərbaycan torpaqlarında Ermənistan əsgəri olmamalıdır!”, “Ermənistan, hücumu dayandır!”, “Ermənistan, bizim torpaqlarımızın minalandırılmasını dayandır!”, “Ermənilərin minaları dinc sakinləri öldürür!”, “Ermənistan minaları = müharibə cinayətləri!”, “Azərbaycan ərazilərində ekoloji terrorun törədilməsinə son qoyulsun!”, “Ermənistan İrəvandakı Azərbaycan mədəni irsini məhv edir”, “Azərbaycanın təbii sərvətlərinin talanına son qoyulsun!”, “Ətraf mühitə düzəldilməsi mümkün olmayan ziyanın vurulmasına son qoyulsun!” və sair şüarların əks olunduğu plakatlara cəlb edilib.
Aksiya iştirakçıları beynəlxalq ictimaiyyətdən Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın hərbi və ekoloji terroruna son qoyulmasını, Azərbaycan vətəndaşlarının Qarabağda təhlükəsizliyinin və insan hüquqlarının təmin edilməsini, Azərbaycan dövlətinin sülh səylərinin dəstəklənməsini tələb ediblər.
Aksiya icma üzvlərinin birlikdə “Qarabağ Azərbaycandır!” şüarını səsləndirməsi ilə yekunlaşıb.
Aksiya ilə maraqlanan Haaqa sakinlərinə Ermənistanın hərbi və ekoloji cinayətlərini əks etdirən bukletlər paylanılıb. Bukletlərdə Azərbaycan ərazilərində basdırılmış minaların insan həyatını təhdid etdiyi, 2020-ci il müharibəsindən bəri Azərbaycanda mina qurbanlarının sayının 303 nəfərə çatdığı, rəsmi İrəvanın dəqiq mina xəritələri verməkdən imtinasının insan hüquqlarını kobudcasına pozduğu, erməni KİV-lərinin azərbaycanlılara qarşı pis rəftarla bağlı pərakəndə sübutlar yaymasının III Cenevrə konvensiyasına zidd olduğu, bir neçə azərbaycanlı əsgərin girov götürülərkən fiziki, mənəvi işgəncələrə və təhqirlərə məruz qaldığı, Azərbaycanın Qarabağ bölgəsində qızıl və mis-molibden yataqlarının qeyri-qanuni istismar edildiyi, 60 min hektardan çox meşə sahəsinin darmadağın edildiyi, çaylarımızın çirkləndirildiyi və sair faktlar nəzərə çatdırılıb.