Bakı. 11 yanvar. REPORT.AZ/ İyirmi ildən çoxdur Niderland Krallığında yaşayan Azərbaycan diasporunun fəal nümayəndəsi, yazıçı Gülşən Lətif qızı Kazımova-Atəş vəfat edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"-a bildiriblər ki, neçə vaxtdır ağır xəstəlikdən əziyyət çəkən Gülşən Kazımova-Atəş yanvarın 10-dan 11-nə keçən gecə Haaqa şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Yanvarın 12-də mərhumla vida mərasimi təşkil olunacaq, daha sonra onun nəşi Azərbaycana gətirilərək Bakıda dəfn ediləcək.
1961-ci il noyabrın 8-də Bakı şəhərində anadan olan Gülşən Kazımova-Atəş Azərbaycan Yazıçılar Birliyinin və Niderland Yazıçılar İttifaqının üzvü idi. Hollandiyada tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı ölkə ictimaiyyəti və mətbuatında tanınırdı. Gülşən Kazımova-Atəş 2006-cı ildə Niderlandda nəşr edilmiş "Nəslimizin qızları" adlı kitabına görə 2009-cu ildə Rusiyada keçirilən ədəbiyyat müsabiqəsində ilk yeri qazanmışdı.
Niderlandda fəal diaspor nümayəndəsi kimi tanınan Gülşən Kazımova-Atəş Avropadakı azərbaycanlı qadınların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların hüquq və azadlıqlarının qorunmasına yardım göstərmək məqsədilə 2004-cü ildə “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyini yaratmışdı. O, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük xidmətlər göstərib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2011-ci il iyulun 4-də mədəniyyət sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə gorə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işcisi” fəxri adına layiq görülüb. 2014-cü ildə isə Haaqada yazıçının yaradıcılıq gecəsi keçirilib.
Niderlanddakı Azərbaycan diasporunun görkəmli nümayəndəsi olan Gülşən Kazımova-Atəşin xatirəsi hər zaman soydaşlarımızın qəlbində yaşayacaq.
Allah rəhmət etsin!