Niderland Krallığında fəaliyyət göstərən "Niderlandda Azərbaycan Evi" üzvlərinin təşkilati dəstəyi və xeyriyyə yardımı ilə Leuvarden (Leeuwarden) şəhərindəki Ulu-Cami türk məscidi təmir olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, "Niderlandda Azərbaycan Evi"nin rəhbəri Elxan Mirhəşimli bildirib ki, məscidin təmirə ehtiyacı olmasından ötən il xəbər tutublar.
"Təşkilatımızın üzvləri bu barədə məlumat verən kimi, 2020-ci ilin may ayında məscidin binasının fasadında boya işlərinə start verdik. 2021-ci ildə isə məscidin içərisində təmir işləri aparıldı. 11 ayın Sultanı Ramazan ayının başlanması ərəfəsində təmiri bitirdik və məscidi təhvil verməklə inanclı musəlman qardaşlarımızı sevindirdik. Rəbbim bütün oruc tutanların dualarını qəbul etsin, ailələrinə sağlıq, ruzu və sevinc gətirsin!", - deyə diaspor rəhbəri əlavə edib.
Ulu-Cami məscidinin idarə heyəti göstərdiyi xeyriyyə aksiyasına görə "Niderland-dakı Azərbaycan Evi"ni təşəkkurnamə ilə mukafatlandırıb.
Qeyd edək ki, Leuvarden şəhəri Niderlandın şimalında yerləşən Frislandiya əyalətinin paytaxtıdır. Bu şəhərdə yerləşən Ulu-Cami məscidi Niderland Dini Fonduna (HDV) daxildir.