Bakı. 14 mart. REPORT.AZ/ “Bu gün bəşəriyyət üçün önəmli olan beynəlxalq tədbirlərin mərkəzinə çevrilən Azərbaycan dünyada etibarlı tərəfdaş, yüksək səviyyəli təşkilatçı imici qazanıb”.
Bunu “Report”a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.
O bildirib ki, Azərbaycan bir sıra mötəbər və beynəlxaq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə öz üzərinə çox böyük və məsuliyyətli bir missiya götürüb: “Ölkəmizdə bir-birinin ardınca keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin miqyası ildən ilə daha da genişlənir. Artıq beşinci dəfədir Azərbaycanda keçirilən Qlobal Bakı Forumunun əhatə etdiyi coğrafiya və toplantıda iştirak edəcək nüfuzlu qonaqların sayının artması bir daha onu göstərir ki, bu gün bəşəriyyət üçün önəmli olan beynəlxalq tədbirlərin mərkəzinə çevrilən Azərbaycan dünyada etibarlı tərəfdaş, yüksək səviyyəli təşkilatçı imici qazanıb”.
Komitə sədri əlavə edib ki, V Qlobal Bakı Forumunda yeddi ölkənin hazırkı dövlət başçısının iştirakı forumun dünyada getdikcə daha nüfuzlu bir platforma kimi qəbul edildiyinin göstəricisidir: “Bu il forumun işində Latviya, Monteneqro, Albaniya, Makedoniya, Gürcüstan, Bosniya və Herseqovinanın dövlət başçıları, Səudiyyə Ərəbistanı şahzadəsi də daxil olmaqla 53 ölkədən 300-ə yaxın nümayəndə iştirak edəcək. V Qlobal Bakı Forumu “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunub”.