Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Naxçıvanda keçirilən “Heydər Əliyev-100” Diaspor Gənclərinin IV Yay Düşərgəsinin bağlanış mərasimi keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, mərasimdə əvvəlcə 12-18 avqust tarixlərini əhatə edən düşərgədən yaddaqalan görüntüləri əks etdirən videoçarx nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli düşərgənin iştirakçılar üçün kifayət qədər yaddaqalan, əyləncəli və maraqlı keçdiyini deyib. Bildirib ki, qarşıdakı illərdə muxtar respublika böyük inkişaf və uğurlara imza atacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 5 iyun tarixli sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" təsdiq olunub. Proqramın icrası çərçivəsində qardaş Türkiyə və digər xarici ölkələrdən investorlar da cəlb olunmaqla çox böyük işlər planlaşdırılır. 44 günlük Vətən Müharibəsindəki şanlı zəfərimizdən sonra Naxçıvan region üçün vacib bir platformaya çevrilib. Zəngəzur dəhlizinin reallığa çevrilməsi ilə Naxçıvanda yeni üfüqlər açılacaq.
“Bir sözlə, siz proqramın icrası başa çatdıqdan sonra bütün sahələr üzrə böyük inkişaf yolu keçmiş, tamamilə dəyişmiş Naxçıvanın şahidi olacaqsınız”, - deyən Fuad Nəcəfli Diaspor Gənclərinin IV Yay Düşərgəsində iştirak edənləri, eləcə də xarici ölkələrdən gəlmiş gəncləri 5 ildən sonra yenidən Naxçıvana dəvət edib.
Səlahiyyətli nümayəndə gənclərin vətənimizin bir parçası olan Naxçıvanın zəngin tarixi və mədəni abidələri barədə zəngin bilik və təəssürat əldə etməsi, Heydər Əliyev irsinə daha dərindən yiyələnməsi baxımından düşərgənin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, Ümummilli liderimizin müəyyənləşdirdiyi azərbaycançılıq fəlsəfəsinin əsasında milli mənsubiyyət məsələsi xüsusi yer tutur. Ulu öndərimizin “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” kəlamını bir daha diqqətə çatdıran Fuad Nəcəfli bildirib ki, düşərgədə iştirak edən gənclər bu fəlsəfəni ayrı-ayrı ölkələrdə qürurla yaşadır. Dünya üzərindəki birliyimiz və aramızdakı şəbəkələşmə bizə daha böyük güc verir.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov düşərgənin işinə göstərilən dəstəyə görə təşəkkür edib, layihənin uğurla başa çatması münasibətilə düşərgə iştirakçılarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçıları adından Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə xatirə hədiyyəsi təqdim olunub.
Sonra yay düşərgəsinin iştirakçılarına və layihənin təşkilində fəallıq göstərən könüllü gənclərə sertifikatlar və “Naxçıvan: Şərqin əfsanəsi” kitabı təqdim edilib.
Bağlanış mərasimi konsert proqramı ilə yekunlaşıb. Sonda xatirə fotosu çəkdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Naxçıvanda keçirilən Diaspor Gənclərinin IV Yay Düşərgəsinin bağlanış mərasimi olub.
Bu barədə "Report"un yerli bürosu xəbər verib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, digər rəsmi şəxslər və dünyanın 53 ölkəsindən olan 100-dən artıq gənc iştirak edib.