Münhendə Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun II Forumu keçirilib

Münhendə Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun II Forumu keçirilib Almaniyanın Münhen şəhərində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun II Forumu keçirilib.
Diaspor
19 Sentyabr , 2023 10:51
Münhendə Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun II Forumu keçirilib

Almaniyanın Münhen şəhərində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun II Forumu keçirilib.

"Report" xəbər verir ki, tədbirdə üçü yeni olmaqla 18 ölkədən təmsilçilər iştirak ediblər.

Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə işinə başlayan Forumun baş katibi Hikmət Cavadov görülən işlər, həyata keçirilən layihələrlə bağlı iştirakçılara geniş məlumat verib. O qeyd edib ki, bu ilin may ayında İsveçin Stokholm şəhərində yaradılan Fond avqust ayında qeydiyyatdan keçib.

Forumda çıxış edənlər Fondun strukturundan, qarşıya qoyulan məqsədlərdən bəhs ediblər.

Bildirilib ki, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında koordinasiyanın daha düzgün və effektiv qurulmasına ehtiyac var.

Vurğulanıb ki, azərbaycanlılar dövlətin milli maraqları naminə təmsil olunduqları ölkələrin parlamentləri, dövlət qurumları, media və vətəndaş cəmiyyəti institutları ilə əlaqələri gücləndirməlidirlər.

Qeyd olunub ki, Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda qələbə ilə başa çatmış 44 günlük müharibəni həzm edə bilməyən Ermənistan dövləti və onun Avropadakı havadarları Qarabağdakı separatçı rejimə açıq və ya gizli dəstək göstərərək bölgəni yeni savaş təhdidləri ilə üz-üzə qoyub.

Forumda diaspor fəallarından diqqətli olmaları, yaşadıqları ölkələrin media resurslarında dünya ictimaiyyətinə bölgədə baş verən hadisələrlə bağlı obyektiv informasiyalar vermələri tövsiyə olunub.

Çıxışlardan sonra müzakirələr əsasında daha operativ fəaliyyət üçün Fondun 4 komitəsi yaradılıb.

Sonda dünya azərbaycanlılarına müraciət qəbul olunub.

Son xəbərlər

Orphus sistemi