Mirzə Ələkbər Sabirin ABŞ-da yaşayan nəticəsi, tanınmış jurnalist Gündüz Tahirlinin qızı Türkan Tahirli Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsində iştirak edəcək.
Bu barədə "Report" a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Şuşada keçiriləcək Diaspor Gənclərinin Yay Düşərgəsinə seçilənlər arasında olması böyük şairimizin nəticəsini çox sevindirib.
“İşğaldan azad olunan torpaqlarımıza getmək və hər şeyi öz gözlərimlə görmək mənə verilən ən böyük fürsətdir. Bu, mənim üçün düşərgənin ən önəmli və maraqlı tərəfidir. Bunu dəyərləndirmək istəyirəm. Mənim kimi xaricdə yaşayan, başqa ölkələrin vətəndaşları olan azərbaycanlılarla görüşmək, tanış olmaq, vaxt keçirmək maraqlıdır və bunu çox istəyirəm”,- T.Tahirli deyib.
Qeyd edək ki, Türkan Tahirli 2014-cü ildən ailəsi ilə birlikdə ABŞ-a köçüb. George Mason Universitetinin məzunudur.