Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında onlayn formatda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş videoklip hazırlanıb.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, klipdə ifa edilən “Dostluq” himninin sözləri və musiqisi məktəbin musiqi müəllimi Səadət Fərziyevaya məxsusdur. Klipin prodüseri məktəbin digər musiqi müəllimi Rasim Fərziyevdir.
Azərbaycan və ingilis dillərində ifa edilən “Dostluq” himni insanları sülhə dəvət edən, barışın və dostluğun bəşəriyyət üçün vacib dəyər olduğunu əks etdirən çağırışdır. Bu himni səsləndirməklə məktəb şagirdləri sülhün qorunmasının uşaqlarımızın, gələcək nəsillərin və bütövlükdə gələcəyimizin zəmanəti olduğuna diqqəti cəlb ediblər. Videoklip müxtəlif dillərdə “Biz sülh istəyirik!” çağırışı ilə yekunlaşıb.
Məktəbin direktoru, Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova əmindir ki, klip tamaşaçıların qəlbini oxşayacaq: “İnanıram ki, məktəbimizin müəllimlərinin və şagirdlərinin ərsəyə gətirdiyi bu klip torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçən övladlarımızın əziz xatirəsinə töhfədir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi və qəhrəman ordumuzun əzmi ilə qazandığımız Zəfər bayramı yaddaş tarixində öz yerini tutacaq”.
Qeyd edək ki, videoklip Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Britaniya Azərbaycanlıları Cəmiyyətinin, “Qarabağ” onlayn həftəsonu Azərbaycan məktəbinin kollektivinin və valideynlərin təşəbbüsü ilə gerçəkləşdirilib.
Xatırladaq ki, “Qarabağ” onlayn məktəbi 2021-ci ilin 27 Sentyabr tarixində təsis olunub. Bu tarixin 27 Sentyabr – Anım Günü ilə üst-üstə düşməsi təsadüfi deyil. Bu addım Qarabağın işğaldan azad olunması uğrunda şəhid omuş Vətən övladlarının xatirəsinə Birləşmiş Krallıqda yaşayan Azərbaycan icmasının nümayiş etdirdiyi dərin ehtiram hissi idi.
“Qarabağ” məktəblərinin yaradılmasının ideya müəllifi və təşəbbüskarı Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. Məktəblərdə şagirdlərə Azərbaycan dili, tarixi, musiqisi üzrə dərslər tədris olunur. Azərbaycanın zəngin mədəniyyəti, adət-ənənələri, ən başlıcası isə milli kimliyimiz və azərbaycançılıq təbliğ edilir.