Londonda yaşayan Azərbaycan icmasının Novruz bayramına həsr olunmuş bayram şənliyi keçirilib.
"Report" xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Britaniya Azərbaycanlıları Cəmiyyətinin və azərbaycanlı gənclərin təşkilatçılığı ilə baş tutan tədbirdə diplomatik korpusun əməkdaşları, şəhər merləri, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Qonaqlar arasında Azərbaycanın Birləşmiş Krallıqdakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov, Lordlar Palatasının üzvü Lord Devid Evans, Londonun Enfild bölgəsinin meri Sabri Özaydın, Hakney bələdiyyə rəsmisi Can Ozşen, məşhur modelyer Zeynəb Kartal və başqaları olub.
Tədbirdə çıxış edən səfir Elin Süleymanov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova, modelyer Zeynəb Kartal və başqaları dünya azərbaycanlılarını və türk dünyasını Novruz bayramı münasibətilə təbrik ediblər, sülh, nikbinlik və barış rəmzinə çevrilmiş qədim və ənənəvi bayramın xalqımızın və türk dünyasının həyatında rolundan danışıblar.
Tədbir zamanı Lord Evansa “Karabakh ”, Sabri Özaydına isə “Azerbaijani Carpets” kitabları təqdim olunub.
“Qarabağ uşaqları” uşaq xorunun milli geyimli ifaçılarının Novruz bayramına həsr olunmuş maraqlı və şən musiqi kompozosiyası ilə davam edən tədbir tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Qeyd edək ki, bu xor onlayn formatda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbində yaradılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Londonda fəaliyyət göstərən məktəbdə Azərbaycan dili, ədəbiyyatı, tarixi, rəqs və musiqi dərsləri tədris edilir. Çıxışdan sonra Lord Evans tələbələrə Novruz şənliyində iştirak etdikləri üçün sertifikat təqdim edib.
Bədii hissədə xalq artisti Fidan Hacıyeva əfsanəvi bəstəkar-müğənni Müslüm Maqomayevun “Azərbaycan” əsərini və xalq mahnılarını ifa edib. Musiqi gecəsi Rasim Fərziyevin rəhbərlik etdiyi ansamblın çıxışı ilə yekunlaşıb.