Koronavirusa yoluxan vəkil: "Çay və limonla keçib gedəcəyini fikirləşməyin" - MÜSAHİBƏ

Koronavirusa yoluxan vəkil: "Çay və limonla keçib gedəcəyini fikirləşməyin" - MÜSAHİBƏ Ələkbər Qarayev Rusiyadakı Azərbaycan diasporunun fəal üzvlərindəndir, tanınmış vəkildir. O, Azərbaycan Respublikasının prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib. Soydaşımız koronavirusa yoluxub. O, Reportun Rusiya bürosuna bununla bağlı müsahibə verib.
Diaspor
28 Aprel , 2020 16:19
Koronavirusa yoluxan vəkil: Çay və limonla keçib gedəcəyini fikirləşməyin - MÜSAHİBƏ

Ələkbər Qarayev Rusiyadakı Azərbaycan diasporunun fəal üzvlərindəndir, tanınmış vəkildir. O, Azərbaycan Respublikasının prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib. Soydaşımız koronavirusa yoluxub. O, "Report"un Rusiya bürosuna bununla bağlı müsahibə verib.

- Hazırda özünüzü necə hiss edirsiniz?

- Hazırda özümü yaxşı hiss edirəm. Artıq beş gündür xəstəxanadayam və yaxın günlərdə məni evə buraxacaqlarına ümid edirəm.

- Bəs koronavirusa necə yoluxdunuz?

- Bütün şəxsi gigiyenik qaydalara əməl etməklə həm peşə, həm də ictimai fəaliyyətimi davam etdirirdim. Ancaq qəfildən hərarətimin qalxdığını hiss etdim. Bir həftə evdə qaldım, hətta təcili tibbi yadıma da müraciət etdim. Amma bildirdilər ki, koronavirusun əlamətləri müşahidə olunmadığından gəlməyimizə ehtiyac yoxdur. Daha sonra poliklinikada kompüter tomoqrafiyası etdirdim. Ağ ciyərimdə ikitərəfli iltihab aşkarlandı. Bundan sonra məni İ.M.Seçenov adına xəstəxanaya apardılar. Müalicəm hələ də davam edir.

- Sizdə xəstəlik özünü necə büruzə verir? Yüngül, yoxsa ağır formada keçirirsiniz?

- Həkimlərin qoyduğu diaqnoza əsasən, məndə xəstəlik orta-ağır formada özünü göstərir. Xüsusi aparatlara ehtiyac duyulmadığını bildirdilər. İndi isə özümü qismən yaxşı hiss edirəm.

- Ümumiyyətlə, Moskvada, xəstəxanalarda vəziyyət necədir?

- Moskvada vəziyyət olduqca gərgindir. Bildiyiniz kimi, Rusiyada koronavirusa yoluxanların 50 faizi məhz Moskvada qeydə alınıb. İnfeksiya yayılmaqda davam edir. Xəstəxana isə bir neçə hissəyə bölünüb. Ağır xəstələrlə orta-ağır xəstələr müxtəlif mərtəbələrdə müalicə olunurlar. Ağır xəstələrə xüsusi aparatlar qoşulur. Dünən sağalan iki nəfəri evə buraxdılar. Həmin dəqiqə də başqalarını gətirdilər. Boş çarpayılar, demək olar ki, yoxdur.

- Həkimlər sizin səhhətinizlə bağlı nə deyirlər? Nə zaman evə buraxılacaqsınız?

- Həkimlərdən çox razıyam. Əllərindən gələni edirlər. Mənə də yaxın günlərdə evə buraxılacağımı bildiriblər. Amma təkrar kompüter tomoqrafiyasından keçməliyəm. Analizin cavabından sonra həkimlərin rəyi də bəlli olacaq.

- İndiki vəziyyətdə soydaşlarımıza nə məsləhət verərdiniz?

- Mən hər kəsdən xahiş edirəm ki, özlərini qorusunlar. Bunun ən yaxşı yolu isə özünütəcrid rejimi və şəxsi gigiyena qaydalarına əməl etməkdir. Bəli, hər kəs fikirləşir ki, mən yoluxmayacağam. Ancaq belə deyil. Tədbirli davranmaq lazımdır. Əgər xəstəliyin əlamətlərini hiss edirsinizsə, daha doğrusu həkimə müraciət etməkdir. Çay və limonla keçib gedəcəyini fikiləşmək lazım deyil.  

Buradan xalqımıza da səslənmək istərdim. Dəyərli xalqım! Biz özümüzü qorumalıyıq. Sağlam qalmalıyıq, çünki bizim Dağlıq Qarabağ kimi böyük bir problemimiz var. Qarabağı işğaldan azad etməmiş dincəlməməliyik! Dövlətimizin yanında olub bu bəlaya birlikdə qalib gəlməliyik. Biz birlikdə güclüyük!

Son xəbərlər

Orphus sistemi