Bakı. 12 iyul. REPORT.AZ/ "Ukraynada azərbaycanlılarla başqa millət nümayəndələri arasında bir qədər gərginlik yaranmışdı. Şükür elə oldu ki, qan tökülmədi, xətasız ötüşdü".
Bunu "Report"a müsahibəsində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Odessa vilayəti üzrə sədri Namik Hacıyev deyib.
- Ukraynanın Odessa vilayətində azərbaycanlıların mövcud vəziyyəti, mərkəzi konqres ətrafında təşkilatlanması, ölkənin ictimai-siyasi, inzibati sferasında inteqrasiyası necədir?
- Başqa yerləri deyə bilmərəm, Odessada azərbaycanlıların təşkilatlanması pis deyil. Lazım olanda toplaşa bilirik. Bütün Odessa üzrə azərbaycanlılar konqres ətrafında birləşiblər, vahid mərkəzləşmə var. Burada heç bir parçalanmadan söhbət gedə bilməz. Buna ötən müddət ərzində istər Azərbaycanla bağlı, istərsə də digər ümumrespublika mövzuları ilə bağlı keçirdiyimiz tədbirlər, toplantılar və birgə bəyanatlar da misal ola bilər.
Yerli ictimai-siyasi mühitdə, dövlət qurumlarında azərbaycanlıların inteqrasiyasına gəldikdə isə onu deyə bilərəm ki, bu bir qədər zəif gedir. Hərçənd biz konqres olaraq bununla bağlı işlərə start vermişik. Xüsusilə gənclərimizin bu işlərdə fəallaşması ilə bağlı, arzularımız və planlarımız var.
- Bəzən Odessadan azərbaycanlılara qarşı insident, yaxud hansısa neqativ hadisələr barədə xəbərlər gəlir. Bunlar nə dərəcədə realdır?
- Azərbaycanlılara qarşı insident, hər hansı təzyiq olmur. Amma azərbaycanlılardan kiməsə qarşı arada olur. Bizə də belə xəbərlər gəlib çatır. Xüsusilə gənclər arasında olur. Biz bunun tamamən aradan qalxmasına çalışırıq. Təzəlikcə azərbaycanlılarla başqa millət nümayəndələri arasında bir qədər gərginlik yaranmışdı. Şükür elə oldu ki, qan tökülmədi, xətasız ötüşdü. Barışıq əldə etdik.
- Gələcək planlarınızla bağlı - istər iqtisadi layihələr, istərsə də seçkili və inzibati orqanlarda azərbaycanlıların təmsilçiliyi ilə bağlı nə deyə bilərsiniz?
- Planlarımız çoxdur. Mən özüm uzun müddət Azərbaycanda müxtəlif vəzifələrdə və məqamlarda çalışmışam. Hazırda da Azərbaycan vətəndaşıyam, Ukrayna vətəndaşlığını qəbul etməmişəm. Amma digər soydaşlarımızın burada irəli getməsi üçün təbii ki, qarşımda məqsədlər var. Biz daha çox digər millətlər ilə sıx ünsiyyətdə olmağı, çoxlu tərəfdar qazanmağı və seçkili orqanlarda azərbaycanlıların qələbəsini təmin etməyi hədəfləmişik. Nəinki seçkili orqanlarda, ümumiyyətlə yerli hakimiyyətdə azərbaycanlılar sıx təmsil olunsun. Burada milliyyətcə azərbaycanlı olan Ukrayna vətəndaşları var ki, yerli xalq tərəfindən çox sevilir. Məsələn, BUAK-ın respublika üzrə sədri Rövşən Tağıyev bildiyiniz kimi eyni zamanda Ukrayna Millətlər Assambleyasının prezidentidir və bütün millətlər tərəfindən böyük hörmətə layiqdir. Bundan başqa konqresdə mənim müavinim, diasporda olduqca fəal Namiq Talıbov, konqresimizin üzvü olan, Azərbaycan Dəmir Yollarının buradakı təmsilçisi Natiq Nağıyev, digər üzvlərdən Namiq Əliyev, Nəzər Hacıyev, Famil Nəbiyev, ehtiyatda olan polkovnik Zaur Səfərov, iş adamı Cəlil Aslanov, Ağsaqqallar Şuramızın rəhbəri Müsəllim Əliyev, başqa fəallar Elxan Tağıyev, Pirverdiyev və digərləri Odessada azərbaycanlıların təşkilatlanmasında olduqca fəaldırlar.
Biz eyni zamanda azərbaycanlılar ilə digər millətlərdən olan iş adamlarını bir araya gətirmək üşün ümumi iqtisadi tərkibli işlərə start vermək istəyirik. Bu da bizim planlara daxildir. Həmçinin Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə də əməkdaşlığımız yüksək səviyyədədir. Yeni rəhbərin ora təyinatından sonra komitədən gözləntilərimiz çoxdur.