İsveçrə Azərbaycanlıları Koordinasiya Şurası Ermənistanın sərt şəkildə cəzalandırılması tələbi ilə beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bəyanatda Azərbaycan Ordusu əsgərlərinin - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun hansı şəraitdə Ermənistana əsir düşməsinə aydınlıq gətirilib. Azərbaycanlı hərbçilərə qarşı törədilmiş qeyri-insanı hərəkətlərə diqqət cəlb edilib, bu cinayətkar insident beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib.
Müvafiq beynəlxalq təşkilatların təkcə bu cinayətkar insidenti deyil, həm də Ermənistan tərəfindən son 30 ildən artıq müddət ərzində itkin düşmüş 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq aktlarını araşdırmasının və hüquqi qiymət verməsinin vacib olduğu vurğulanıb. Ermənistanın mühüm beynəlxalq aktları, o cümlədən Cenevrə Konvensiyası, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmədiyi bir daha nəzərə çatdırılıb.
Azərbaycan hərbçilərinə işgəncə verilməsini qətiyyətlə pisləyən İsveçrə Azərbaycanlıları Koordinasiya Şurası beynəlxalq təşkilatları Ermənistan hökumətinin və bu cinayəti törətmiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verməyə, azərbaycanlı hərbi qulluqçularının dərhal və qeyd-şərtsiz azad olunmasını təmin etməyə çağırıb.