İsveçdə fəaliyyət göstərən “Azərbaycan Qarabağ Azadlıq Mərkəzi” ötən gün aksiya keçirib.
Mərkəzdən “Report”un Avropa bürosuna bildirilib ki, Azərbaycan-Ermənistan sərhədində ermənilərin törətdikləri təxribatları İsveç cəmiyyətinə çatdırmaq üçün məlumat vərəqləri hazırlanıb.
Həmin vərəqlər ölkənin bir neçə böyük şəhərində əhaliyə paylanıb.
“Erməni diasporu Avropada güclüdür. Ancaq buna baxmayaraq bizlər öz üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışırıq. Tədbirlər, konfranslar və belə aksiyalarla yaşadığımız ölkədə insanlara Ermənistanın Azərbaycana olan aqressiya və təcavüzünü çatdırmağa çalışırıq. Ötən gün keçirilən aksiyanı da insanlar maraqla qarşıladılar. Vərəqləri alıb, uzaqlaşmır, əksinə suallar verir, baş verən son hadisələrlə maraqlanırdılar”.
Mərkəzdən həmçinin bildirilib ki, bu kimi tədbirlər növbəti günlərdə, İsveçin digər şəhərlərində də keçiriləcək.