İstanbulda Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə konfrans keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, tədbir Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və Türk Dünyası Həmrəylik və Yardımlaşma Dərnəyinin təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müxtəlif xalqların nümayəndələrinin, eləcə də xaricdə yaşayan həmvətənlərimizin "Xocalıya ədalət!" çağırışı ilə bağlı videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Türkiyənin Memar Sinan Universitetinin professoru Süleyman Kızıltoprak, Yıldız Teknik Universitetinin professoru Cemal Zehir və Bakı Dövlət Universitetinin hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Əmir Əliyev Xocalı soyqırımı barəsində iştirakçılara geniş məlumat verib, Azərbaycanın 44 günlük Vətən müharibəsi və müharibə nəticəsində əldə edilən Zəfər haqqında danışıblar.
Anım mərasiminin rəsmi hissəsində çıxış edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi, akademik Asəf Hacıyev, Türkiyənin Milli Müdafiə Nazirliyinin Universitetində təhsil alan hərbçimiz, mayor Coşqun Quliyev, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və TADEF-in İdarə Heyətinin sədri Ədalət Turan Xocalı soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı işlənən tarixin ən ağır cinayətlərindən olduğunu, bu soyqırımın dünya tarixinə ən dəhşətli və faciəli qətliamlardan biri kimi yazıldığını vurğulayıblar.
Natiqlər Prezident İlham Əliyev tərəfindən Xocalı soyqırımının beynəlxalq aləmdə bütün dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər və ölkəmiz tərəfindən bu istiqamətdə aparılan kampaniyalar haqqında danışıb, bu fəaliyyətlərlə Xocalı faciəsinin bir çox dövlətlər tərəfindən qəbul edilməsinə nail ola bildiyimizi deyiblər.
Bildirilib ki, 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasına başlanılması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.
Qeyd edilib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfərlə bu soyqırımın bir növü qisası alınıb. Erməni vandallar tərəfindən xalqlarımıza və ölkələrimizə qarşı məqsədyönlü planlaşdıraraq həyata keçirilən bütün cinayətlərin böyük bir hissəsi isə müasir dünyanın gözü qarşısında ikinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərimizdə üzə çıxır.
Çıxışçılar insanlığa qarşı işlənən bu cinayətin səbəbkarlarının ədalətə təslim edilməsinin bütün dünya üçün vacibliyini vurğulayıblar.
Tədbirdə Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə tərəfindən yaradılan "Turan" orkestrinin ifasında Azərbaycan və dünya klasik musiqiləri, eləcə də Azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadə tərəfindən bəstələnən "Xocalıya" əsəri ifa edilib.
Mərasim əsnasında Xocalı soyqırımını özündə əks etdirən fotolardan ibarət sərgi nümayiş etdirilib.
Tədbirdə 44 günlük Vətən müharibəsinin Türkiyədə müalicə alan qaziləri, bu ölkə ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Türkiyədə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları, incəsənət xadimləri, Türkiyənin Milli Müdafiə Universitetində akademik təhsil alan hərbçilərimiz, ictimai birliklərin və QHT-lərin təmsilçiləri və digərləri iştirak ediblər.