İslandiyadakı icmamız Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilmiş silahlı hücumla bağlı dünya ölkələrinə müraciət edib.
Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd edilir ki, Azərbaycan Səfirliyinə edilmiş silahlı hücum İslandiyada yaşayan soydaşlarımızı qəzəbləndirib.
İslandiya-Azərbaycan Cəmiyyətinin yaydığı bəyanatda Səfirliyimizin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətli, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı qətiyyətlə pislənib. İranda diplomatik nümayəndəliklərin, eləcə də insanların toxunulmazlığına zəmanətin olmamasına diqqət cəlb edilib.
Soydaşlarımız İslandiya ictimaiyyətini və beynəlxalq birliyi bu terror hadisəsini qınamağa çağırıb. Bəyanatda həmçinin son vaxtlar İran və Ermənistanın Azərbaycan ərazisində davamlı olaraq törətdiyi qanunsuz əməllərin qarşısının alınması məqsədilə hüquqi-siyasi müstəvidə təcili tədbirlər görməsinin zəruri olduğu bildirilib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.