Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Belçika Azərbaycan Evi və Belçika Azərbaycanlıları Federasiyasının təşkilatçılığı ilə Brüsseldə 8 noyabr-Zəfər Gününə həsr olunan “Victory” adlı konsert proqramı keçirilib.
Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, tədbirdə Avropa Komissiyasının, Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konsertdə “İsfar Sarabski trio” çıxış edib. Azərbaycanın Əməkdar artisti, virtuoz fortepiano ifaçısı İsfar Sarabskini kontrabasda Makar Novikov, zərb alətlərində Saşa Maşin müşayiət edib.
İzləyicilərin alqışları ilə müşaiyyət olunan konsert diqqətləri bir daha Azərbaycanın Qarabağda qazandığı misilsiz qələbəyə yönəldib.
Konsert çərçivəsində Zəfər Gününə həsr olunmuş fotosərgi də nümayiş etdirilib.