Finlandiyanın paytaxtı Helsinkidə fəaliyyət göstərən Azərbaycan Evində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Evinin rəhbəri, “Azər-Türk” Gənclər Təşkilatının sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiyadakı əlaqələndiricisi Ülviyyə Cabbarova bildirib ki, başda Mixail Qorbaçov olmaqla sovet rejiminin hərbi-siyasi rəhbərliyi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc sakinlərə qarşı xüsusi qəddarlıqla hərbi cinayət törədib. Faciənin ertəsi günü – yanvarın 21-də dahi şəxsiyyət Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqla birgə olduğunu bəyan etdiyini, Bakıdakı terror aktına rəvac verən Qorbaçovu, hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar adlandırdığını, Azərbaycanda hakimiyyətə qayıdışından sonra isə məhz onun təşəbbüsü ilə bu cinayətə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini, bu qanlı qırğının Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını və iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildiyini xatırladıb. Qeyd edib ki, qalib xalqımız və dünya azərbaycanlıları milli azadlıq mücadiləsi yolunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin qəhrəmanlığını heç bir zaman unutmayacaq.
Sonra 20 Yanvar faciəsini əks etdirən sənədli film nümayiş etdirilib. Tədbir çərçivəsində “20 Yanvar… Unutmadıq!” adlı anım guşəsi təşkil edilib.