Fevralın 23-də Gürcüstanın paytaxtı Tbilisidəki “Cümə” məscidində Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı anım tədbiri keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, məsciddə Xocalı faciəsi qurbanlarının ruhuna dualar oxunub.
Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov xütbə oxuduqdan sonra cümə namazı qılınıb.
Tədbirdə Gürcüstanda yaşayan azərbaycanlılarla yanaşı, bu ölkədə yaşayan, işləyən, təhsil alan Türkiyə, Pakistan, İran, Əfqanıstan, Hindistan, Malayziya, Qazaxıstan, Rusiya, Özbəkistan, Banqladeş və digər ölkələrdən minə yaxın şəxs iştirak edib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, məscidin imamları və azərbaycanlı jurnalistlər Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdən olan tələbələrə məlumat veriblər.
Qeyd edək ki, Gürcüstanın müxtəlif bölgələrində Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi və təşkilatçılığı, eləcə də icma üzvləri tərəfindən müxtəlif anım tədbirləri keçirilir.