Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndinin adı yazılan lövhələrə qarşı vandalizm törədilib.
“Report”un yerli bürosu xəbər verir ki, bir lövhə odlu silahdan atəşə tutulub, digərinin üzərindəki kəndin adı isə boya ilə rənglənərək görünməz hala salınıb.
Kənd sakinlərinin “Report”a bildirdiyinə görə, lövhələrə bu yaxınlarda ziyan vurulub. Lövhələrdən biri iki ay əvvəl güllə ilə deşik-deşik edilib, yararsız hala salınıb. İkinci lövhəyə qarşı vandalizm faktı isə bu günlərdə baş verib.
Məsələ ilə bağlı aidiyyəti qurumlar və polis məlumatlandırılıb.
Hər iki lövhənin hazırkı vəziyyətini əks etdirən fotoşəkillər sosial şəbəkələrdə yayılıb. Soydaşlarımız vandalizmə əl atanların müəyyən olunaraq cəzalandırılmasını tələb edirlər.