Azərbaycan dilində nəşr olunan “Gürcüstan” qəzetinin mərhum baş redaktoru, Gürcustanın Əməkdar jurnalisti İslam Əliyevin xatirəsi doğum günündə anılıb.
“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşları ictimai xadimin Marneulinin Ambarovka kənd qəbirstanlığındakı məzarını ziyarət ediblər.
Ziyarətdə Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov, qonşu ölkədə fəaliyyət göstərən Azərbaycan mediasının nümayəndələri də iştirak ediblər.
İ.Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub və dualar oxunub.
F.Quliyev İ.Əliyevlə bağlı xatirələrini dilə gətirib, onun Gürcüstanın görkəmli azərbaycanlı ictimai xadimi olduğunu deyib. Səfirin sözlərinə görə, o, fəaliyyəti ilə Gürcüstanın ictimai həyatında böyük və örnək olacaq iz buraxıb, onun əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaq.
Mərhumun yaxınları və KİV təmsilçiləri İ.Əliyevin xatirəsinə göstərilən ehtirama görə Azərbaycan səfirliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, İ.Əliyev 2019-cu ilin dekabrında uzun sürən xəstəlikdən vəfat edib. Bu gün onun anadan olmasından 75 il ötür.