Gürcüstan azərbaycanlıları: “Şuşa sevincini yaşamağımız böyük xoşbəxtlik olacaq”

Gürcüstan azərbaycanlıları: “Şuşa sevincini yaşamağımız böyük xoşbəxtlik olacaq” “Dünya Azərbaycanlılarının Qurultayının Şuşada keçirilməsi bizim üçün ikiqat bayramdır. Şuşaya getməyi, bu şəhəri görməyi böyük səbirsizliklə gözləyirəm”.
Diaspor
20 Aprel , 2022 15:53
Gürcüstan azərbaycanlıları: “Şuşa sevincini yaşamağımız böyük xoşbəxtlik olacaq”

“Dünya Azərbaycanlılarının Qurultayının Şuşada keçirilməsi bizim üçün ikiqat bayramdır. Şuşaya getməyi, bu şəhəri görməyi böyük səbirsizliklə gözləyirəm”.

Bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V qurultayında iştirak edəcək Gürcüstan parlamentinin sabiq deputatı Ruslan Hacıyev deyib.

Emosional durumda olduğunu qeyd edən R.Hacıyev böyük qürur hissi keçirdiyini bildirib: “Bakıda keçirilən qurultayları da hər zaman çox yüksək qiymətləndirirdik. Prezident İlham Əliyevin apardığı düzgün daxili və xarici siyasət nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Biz də dünya azərbaycanlılarından biri olaraq Şuşaya bu sevinci yaşamağa gedirik. Qurultayın Şuşada keçirilməsi çox qürurvericidir və bu münasibətlə Azərbaycan xalqını və dünya azərbaycanlılarını təbrik edirəm”.

Onun sözlərinə görə, Şuşa sevincini yaşamaq böyük xoşbəxtlikdir: “Düşünürəm ki, Şuşanı görməkdən sonra ölmək də olar. Şuşanın torpağını, hər dağını və daşını da öpəcəyik. Möhtəşəm tədbirdə iştirak edib həmin günləri ömrümüzə qızıl hərflərlə yazacağıq”.

Qurultaya Gürcüstandan qatılacaq digər iştirakçı Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyeva Qarabağa, Şuşaya gedəcəyinə hələ inanmadığını deyib: “Muzeyimizdə vaxtilə işğalda saxlanılan şəhər və rayonlarla bağlı keçirilən anım tədbirlərində Azərbaycan torpaqlarının işğaldan azad olunması, zəfər gününü qeyd etməklə bağlı arzumuzu həmişə dilə gətirirdik. Zəfərin əldə olunması və Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya getməyim çox qürurvericidir. Bu hisslər mənə ölçüyəgəlməz sevinc bəxş edir”.

L.Əliyeva Şuşa ilə bağlı etdiyi niyyətini də dilə gətirib: “Doğma və azad Şuşaya getməyim mənim üçün böyük xoşbəxtlik olacaq. Şuşada ilk olaraq qəhrəman şəhidlərimizin əziz xatirəsini yad edəcəyəm. Oradan Gürcüstana torpaq aparacağam, Şuşanı görməyi çox arzulayan, lakin hələ ora gedə bilməyən yaxın dost və tanışlarıma hədiyyə edəcəyəm. Yaxınlarımdan biri məndən Şuşadan çörək gətirməyi də xahiş edib. Şuşa torpağı həmçinin muzeyimizin bir guşəsində ən dəyərli eksponat kimi yer alacaq”.

Qurultaya yollanacaq digər soydaşımız Beynəlxalq Qafqaz Universitetinin assosativ professoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Dünya Azərbaycanlılarının V Qurultayının azad Şuşada keçirilməsinin böyük tarixi və siyasi əhəmiyyəti olduğunu deyib: “Azərbaycan Ordusu tarixdə görünməmiş səhifə yazdı, işğal altında olmuş ərazilər azad edildi. Mən ilk dəfə qurultayda iştirak edəcəyəm, belə tarixi tədbirə qatılmaq mənim üçün böyük şərəfdir”.

Onun sözlərinə görə, Azərbaycanla Gürcüstan arasında siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir, lakin mədəni əlaqələr qənaətbəxş deyil: “Mədəniyyət qarşısında hər şey acizdir. Azərbaycan elə mədəniyyətə sahibdir ki, bütün dünyanı qarşısında ram edə bilər. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada baş tutacaq qurultayda iki ölkə arasında əlaqələrin, əsasən də mədəniyyət və təhsil sahələrində daha da inkişaf etdirilməsi ilə bağlı panel görüşlərdə müzakirələrin aparılacağına və konkret addımların atılacağına ümid edirəm”.

Son xəbərlər

Orphus sistemi