"Həm 22 may üsyanı, həm də İranın daxilində son aylarda baş verən hadisələri nəzərə alsaq, mayın 20-də Berlində keçirəcəyimiz aksiyanı ciddi bir hadisə kimi dəyərləndirmək olar".
Bunu "Report"a açıqlamasında güney azərbaycanlıların Almaniyanın paytaxtı Berlin şəhərində keçirəcəyi aksiyanın təşkilatçılardan olan Saleh Kamrani deyib.
Onun sözlərinə görə, 2006-cı ilin mayın 22-si Güney Azərbaycanın milli hərəkatı tarixində əsaslı dönüş nöqtələrindən biridir: "Bizim millətimiz bu gün də bunu tam dərinliyi ilə hiss edir. O vaxt yüz minlərlə insan meydanlara toplandılar və çox sayda insanımız tutuldu, şəhidlərimiz oldu. Ona görə də bu tarix bizim üçün çox önəmlidir. Bu il isə daha planlı şəkildə həm Güney Azərbaycanın daxilində, həm də Avropada bu günlə əlaqədar aksiyalar təşkil edirik. Bununla bağlı mayın 20-də Berlində aksiyamız olacaq. Birinci aksiya martın 25-də Brüsseldə keçirildi. Həmin aksiya həm İran daxilində, həm də xaricdə ciddi aktivliyə, ruh yüksəkliyinə və millətimiz arasındakı birliyə səbəb olub".
S.Kamrani bildirib ki, çox sayda milli fəalların istəyi nəticəsində növbəti aksiyanın Berlində keçirilməsi qərara alınıb. Təşkilatçı söyləyib ki, bu aksiyanın da Brüsseldəki kimi keçirilməsi planlaşdırılıb: "Bunun üçün 40 nəfərdən ibarət Koordinasiya Mərkəzi yaradılıb. Berlin aksiyası bütün türklərin yəni, qaşqaylar, türkmənlər, Xorasan türkləri və güney azərbaycanlıların iştirakı ilə keçiriləcək. Mən, Süheyla Əzizi və Mahmud Bilgin koordinator seçilmişik. Bu aksiyanın hazırlanması, informasiya yayılması və digər işlərinin hər biri koordinasiyalı şəkildə davam etməkdədir. Demək olar ki, hazırlıqlar tamamlanmaq üzrədir".
Onun sözlərinə görə, türklərlə yanaşı, ərəb və qeyri-fars millətlərindən olanlar, eləcə də "Azadlıq, ədalət, milli hökumət" şüarını qəbul edən digərləri aksiyaya cəlb edilib: "Çox az zamanımız qalıb. Bütün vətəndaşlardan dünyanın harasında yaşamaqlarından asılı olmayaraq maddi-mənəvi dəstəklərini göstərməyini istəyirik. Mən əminəm ki, bu köməklik göstəriləcək. Bizdən sonra Azərbaycanın milli fəalları Kanadanın Toronto şəhərində aksiya keçirəcəklər. Bizim aksiyalarımız "Azadlıq, ədalət, milli hökumət" hədəfinə nail olana qədər davam edəcək".
S.Kamrani dünyada yaşayan azərbaycanlılara çağırış edib: "Martın 25-də Brüsseldə böyük mitinq keçirdik. Berlin aksiyamız ondan da önəmlidir. Hazırlıqlarımız gecə-güdüz davam edir. Bizim quzeyli və güneyli bütün azərbaycanlılardan bizə kömək etmələri və aktiv olmalarıdır".
Xatırladaq ki, 2006-cı il mayın 12-də İran hakimiyyəti “İran” rəsmi qəzetində 35 milyondan çox Azərbaycan türkünü həşərat kimi təsvir edən təhqiramiz karikatura çap edib. Bu hadisə Güney Azərbaycanda kəskin etirazla qarşılanıb və azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə etiraz aksiyalarına başlayıblar.
Təhlükəsizlik qüvvələri Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, Sulduz və Mərənd şəhərlərində təşkil edilən nümayişlərə müdaxilə edib. Rəsmi məlumatlara görə, dinc aksiyaçılara atəş açılması nəticəsində az 30 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb.
Güney azərbaycanlı fəallar isə bildirirlər ki, hadisələr zamanı 5 mindən artıq etirazçı həbs edilərək, işgəncəyə məruz qalıb, 200 nəfərə yaxın şəxs öldürülüb və ya itkin düşüb.
Hər il, azərbaycanlılar və xüsusilə də Güney Azərbaycan fəalları dünyanın hər yerində, bu tarixi gündə - 1 Xordad hadisələri zamanı həlak olanların xatirəsi yad edirlər.