Güney azərbaycanlı və Qaşqay türkü olan bir qrup siyasi fəal BMT-nin İrqi Ayrı-Seçkiliyin Aradan Qaldırılması Komitəsinə müraciət edib.
“Report”un xəbərinə görə, müraciətdə xatırladılıb ki, İran Prezidenti İbrahim Rəisinin xanımı Cəmilə Aləmülhüdanın (Jamileh Alamolhoda) iyunun 14-də Venesuelada televiziya kanallarından birinə verdiyi müsahibədə ölkəsində əhalinin böyük hissəsini təşkil edən türk və ərəblərə qarşı nifrət ehtiva edən irqçi fikirlər söyləyib.
“İranın hakimiyyət orqanları və onların tabeliyində olan qurum və təşkilatlar sistematik olaraq etnik mənsubiyyətlərə qarşı ayrı-seçkilik siyasəti aparır, nifrət ritorikasından istifadə edib, onu təşviq etməklə qeyri-fars etnik qrupları alçaltmağa beləliklə də, illərdir davam edən assimilyasiya siyasətini daha sürətlə həyata keçirməsinə çalışırlar”, - müraciətdə yazılıb.
Bildirilib ki, bundan əvvəl dövlət radio-televiziya qurumu tərəfindən hazırlanan sosial tədqiqat sorğusunda (1995), etnik qruplar arasında ayrı-seçkiliyin gücləndirilməsi; dövlətə aid İran qəzetində dərc olunmuş karikatura və yazıda türklərin ağır şəkildə təhqir edilməsi (2006), eləcə də dövlət televiziya kanalında yayımlanan Fitile (2015) proqramında türklərə qarşı ağır nifrət və təhqirlər ehtiva edən ritorikadan istifadə edilməsi, dövlətin rəsmi siyasətinin mühüm göstəricisi olan dərsliklərdə qeyri-fars etnoslara, xüsusən də türklərə və ərəblərə qarşı aşağılayıcı ifadələr işlədilərək, eyni zamanda yalan-yanlış məlumatların aşılanması kimi metodlardan istifadə edilərək, irqçi siyasətin qeyri-məhdud nümunələri ortaya qoyulub:
“Anlaşıldığı kimi, “Ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya”nı (BMT 1965); “Beynəlxalq İnsan Haqları Bəyannaməsi”ni imzalayan İran beynəlxalq ictimaiyyətin qəbul etdiyi və özünün də imzaladığı öhdəliklərə əməl etmir; o, hətta öz daxili qanunvericiliyində də irqi ayrı-seçkiliyə dair qanunları həyata keçirmir; bu cür irqçi, ayrı-seçkilik və nifrət xarakterli hərəkətlərə qarşı hər hansı məhkəmə prosesi başlatmaqdan çəkinir və heç bir cinayət əməli tətbiq etmir.
İran dövlətinin etnik mənsubiyyətlərə qarşı sistemli şəkildə ayrı-seçkilik və irqçi siyasətlər həyata keçirməsi, etnoslara qarşı təhqir və nifrət dolu diskurslardan istifadə və təşviq etməsi, dərsliklərdə və televiziya proqramlarında irqçi və ayrı-seçkilik xarakterli diskussiyalara geniş şəkildə yer verməsi, etnosların, xüsusilə türklərin yaşadığı bölgələrdə iqtisadi ayrı-seçkiliyə səbəb olması, beləliklə də, yeraltı və yerüstü sərvətlərini adətən talan edərək, oradan əldə etdikləri gəliri farsların yaşadığı bölgələrə köçürməsi; bu səbəbdən də türklərin sıx məskunlaşdığı Azərbaycan əyalətində işsizliyin yayılması, kapitalın və beyin axınının başqa bölgələrə köçürülməsi kimi irqçi ayrı-seçkilik siyasətinin beynəlxalq aləmdə qəbul edilən və İranın imzaladığı bəyannamələrə, insan haqları qaydalarına və insan kəramətinə zidd olduğu aydındır.
Bu məktubu imzalayanlar olaraq İran dövlətinin həyata keçirdiyi sistematik ayrı-seçkilik siyasətini, nifrət dolu çıxış və hərəkətlərini şiddətlə pisləyir, beynəlxalq qurum və təşkilatlardan bu prosesi dayandırmağı, İran hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyi və sürətlə davam edən assimilyasiya prosesinin qarşısını almağı tələb edirik”.
640 nəfər tərəfindən imzalanmış müraciətin surəti Türk Dövlətləri Təşkilatına, BMT-nin İran üzrə məruzəçisinə, Türkiyə Prezidenti Administrasiyasına, Azərbaycan Prezidentinin Administrasiyasına da ünvanlanıb.