"Türk Dövlətləri Təşkilatının İkinci Diaspor Forumunda həm ikitərəfli görüşlər keçirilib, eyni zamanda türk dünyasının diaspor fəaliyyəti istiqamətində birgə layihələr müzakirə olunub. Biz də, türkdilli dövlətlərlə hər bir sahədə olduğu kimi diaspor sahəsində də əməkdaşlığın inkişaf etdirilməsində olduqca maraqlıyıq. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, 2018-ci ildən qardaş Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi (YTB) ilə qarşılıqlı fəaliyyət sferasını daha da genişləndirib".
Bu fikirləri "Report"un Türkiyə bürosuna açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.
Komitə sədri qeyd edib ki, Azərbaycan bu məsələlərdə hər zaman fəallıq nümayiş etdirir:
"Ölkə başçısının tapşırığına əsasən biz hər il gənclər üçün yay məktəbi təşkil edirik və dünyanın hər yerində fəaliyyət göstərən diaspor təşkilatlarımız türkdilli dövlətlərin diaspor təşkilatları ilə birgə fəaliyyət göstəririk. Sadəcə indiki məqamda biz bunu daha da əlaqələndirilmiş şəkildə həyata keçirməyi hədəfləyirik".