"Türk Dövlətləri Təşkilatının ərsəyə gəlməsinə gedən yolun məhz 2009-cu il Naxçıvan Zirvə Görüşündən başlaması təsadüfi deyil".
"Report" xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türk Dövlətləri Təşkilatının (TDT) diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərlərinin beynəlxalq Bakı-Şuşa forumunda bildirib.
O, Prezident İlham Əliyevin sözlərini xatırladıb: "Prezidentin dediyi kimi, canı və qanı bir türk ölkələri ilə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu baxımdan diaspor məsələlərinə məsul qurumların üzərinə düşən vəzifə dünya türklərinin vahid yumruq kimi bir hədəfə vurmağı bacaran ümumtürk diasporunda birləşməsinə öz töhfəsini verməkdir".
"Biz acı taleyin hökmü ilə Azərbaycandan ayrı düşmüş həmvətənlərimizin ölkəmizlə əlaqələrin itməməsi üçün səylərimizi davam etdirməliyik", - F.Muradov vurğulayıb.
Dövlət Komitəsinin sədri söyləyib ki, Azərbaycan torpaqlarının işğalına son qoyulsa da, fəsadları hələ də qalmaqdadır: "Ermənistan işğal dövründə ərazilərimizdə milyonlarla mina basdırıb. Bütün bunlara baxmayaraq, Azərbaycan həmin ərazilərin yenidən qurulması üçün sürətli işlər görür. Ermənistan təxribatlarını hələ də davam edir, amma Azərbaycan əsgəri öz ərazilərini qoruyur".