Fuad Muradov Polşanın Xaricilər Ofisinin rəhbəri və qubernatorla görüşüb

Fuad Muradov Polşanın Xaricilər Ofisinin rəhbəri və qubernatorla görüşüb Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşaya səfəri çərçivəsində bu ölkənin Xaricilər Ofisinin rəhbəri Jaroslaw Szajnerlə görüşüb.
Diaspor
6 Noyabr , 2022 18:53
Fuad Muradov Polşanın Xaricilər Ofisinin rəhbəri və qubernatorla görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşaya səfəri çərçivəsində bu ölkənin Xaricilər Ofisinin rəhbəri Jaroslaw Szajnerlə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, qonaqları salamlayan Jaroslaw Szajner Azərbaycanın Polşa üçün çox vacib tərəfdaş və dost ölkə olduğunu bildirib.

Dövlət Komitəsinin sədri Polşa ilə Azərbaycan arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla davam etdirildiyini diqqətə çatdırıb, Komitənin fəaliyyəti, Polşada yaşayan azərbaycanlıların təşkilatlanması və diaspor təşkilatlarının vahid mərkəzdən koordinasiya olunması, eləcə də paytaxt Varşavada fəaliyyət göstərən Azərbaycan Evi barədə ətraflı məlumat verib. Həmçinin son dövrlər istər təhsil almaq, istərsə də iş imkanlarından faydalanmaq məqsədilə Polşaya üz tutan azərbaycanlıların sayında artım olduğunu qeyd edib.

Görüşdə miqrasiya məsələlərinin tənzimlənməsi, miqrantların hüuquqları, işçi vizaları və s. barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Fuad Muradov artıq bir neçə ildir Polşada yaşayan azərbaycanlılar, eləcə də təhsil alan gənclərin hüquqi məsələlərlə bağlı problemlərinin həlli üçün Polşa Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə tam təmənnasız vəkil xidmətləri təqdim oldunduğunu bildirib. Polşanın Xaricilər Ofisi, Azərbaycanın bu ölkədəki səfirliyi və Dövlət Komitəsinin gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, əməkdaşlıq çərçivəsində Polşada yaşayan azərbaycanlıların hüquqları ilə bağlı məlumatlandırma tədbirlərinin keçirilməsi üçün razılığa gəlinib.

Komitə sədri Fuad Muradov Polşada Mazovietski əyalətinin qubernatoru Konstantı Raszivil ilə də görüşüb.

Qonaqları salamlayan qubernator Polşa və Azərbaycan arasında çoxəsrlik dostluq əlaqələrinin olduğunu və bu əlaqələrin zamanla daha da möhkəmlənəcəyinə ümidvar olduğunu vurğulayıb.

Dövlət Komitəsinin sədri Komitənin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, Azərbaycan evləri, Koordinasiya şuraları və Azərbaycan diasporunun fəaliyyəti barədə məlumat verib. Ermənistanın Azərbaycana təcavüzünün torpaqlarımızın 20 faizinin işğal olunması və 1 milyon insanın yurd-yuvasından didərgin düşməsi ilə nəticələndiyini, 30 illik işğala 44 gün ərzində son qoyulduğunu bildirib. Vətən müharibəsi zamanı xaricdə yaşayan azərbaycanlıların birlik və həmrəyliyindən söz açıb, Polşada yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi və Komitənin birgə dəstəyi ilə Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün çoxsaylı tədbirlər həyata keçirdiklərini bildirib.

Qubernator qloballaşan dünyada diasporun mütəşəkkilliyinin böyük əhəmiyyət kəsb etdiyini, dünyanın müxtəlif yerlərində yaşayan polyak əsilli şəxslərin Polşa Respublikası ilə əlaqələrini bərpa etmək və gücləndirmək məqsədilə 2007-ci ildə Polşa Seymində “Polyak kartı haqqında” qanun qəbul edildiyini diqqətə çatdırıb. Komitə sədri bunun diaspor quruculuğu istiqamətində atılan uğurlu addım olduğunu, Azərbaycanda da “Soydaş kartı haqqında” qanun layihəsinin hazırlandığını bildirib.

Görüşdə iştirak edən Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova Polşada azərbaycanlılara qarşı göstərilən diqqət və qayğının təqdirəlayiq olduğunu, eyni zamanda Azərbaycandakı polyak icmasının respublikanın ictimai həyatında yaxından iştirak etdiyini, ölkəmizdə polyak dilinə böyük maraq olduğunu bildirib. Görüş Polşada yaşayan azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi barədə fikir mübadiləsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi