Bakı. 12 yanvar. REPORT.AZ/ Fransadakı Azərbaycan diasporu “Çarli Hebdo” jurnalının redaksiyasına edilmiş terror aktını pisləyən bəyanatla çıxış edib. Bu barədə "Report"a Diasporlarla İş üzrə Dövlət komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Paris Azərbaycan Evinin yaydığı bəyanatda bildirilir ki, Fransadakı Azərbaycan icması 2015-ci il yanvarın 7-də “Çarli Hebdo” (Charlie Hebdo) satirik jurnalının əməkdaşlarına qarşı törədilmiş terror aktını pisləyir və bu hərəkəti insanlığa zidd addım kimi qiymətləndirir.
Hadisə nəticəsində həlak olanların ailəsinə başsağlığı verən və onların ağrı-acısını bölüşdüyünü bildirən bəyanat müəllifləri eyni zamanda insanların dini inanclarına hörmətlə yanaşmağa, tolerantlıq nümayiş etdirməyə və terrora, aqressiyaya qarşı mübarizədə birləşməyə çağırır. Bəyanatda, həmçinin Azərbaycan icması adından bu dəhşətli cinayəti törədənlərin məsuliyyətə cəlb olunması tələb edilir.
Bəyanat “Çarli Hebdo” jurnalının redaksiyasına, Fransa parlamentinə, Yelisey sarayına və yerli mətbuata göndərilib.
Benilüks Azәrbaycanlıları Konqresi (BAK) də Fransanın Benilüks ölkәlәrindәki diplomatik korpuslarının başçılarına Parisdə baş verәn terror aktlarını pislәyәn mәktub göndәrib. Mәktubda qeyd olunur ki, Azәrbaycan xalqı da ermәnilәr tәrәfindәn dәfәlәrlә terror aktlarına mәruz qalıb, yüzlәrlә günahsız azәrbaycanlı hәyatını itirib. Mәhz bu sәbәbdәn BAK-ın üzvlәri bu ağır günlәrdә fransız xalqı ilә birlikdә eyni hisslәri keçirir, kәdәrli anları birgә yaşayır.
BAK terror aktları zamanı hәlak olanların ailәlәrinә dәrin hüznlә başsağlığı verir, fransız xalqının dәrdinә şәrik olduğunu bildirir.