Fətəli xan Xoyskinin qardaşı nəvəsi vəfat edib

Fətəli xan Xoyskinin qardaşı nəvəsi vəfat edib Azərbaycan Xalq Cümhuriyyəti qurucularının varislərindən biri, Türkiyədə yaşayan Leyla İsgəndər xan qızı Keykurun-Xanxoylu 92 yaşında vəfat edib.
Diaspor
4 Oktyabr , 2022 15:39
Fətəli xan Xoyskinin qardaşı nəvəsi vəfat edib

Azərbaycan Xalq Cümhuriyyəti qurucularının varislərindən biri, Türkiyədə yaşayan Leyla İsgəndər xan qızı Keykurun-Xanxoylu 92 yaşında vəfat edib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Leyla xanım damarlarında Azərbaycanın bir neçə istiqlalçı nəslinin qanını daşıyırdı. O, ata tərəfdən Cümhuriyyətin ilk baş naziri Fətəli xan Xoyskinin böyük qardaşı general Hüseynqulu xan Xoyskinin, ana tərəfdən isə Cümhuriyyətin İrandakı ilk səfiri və xarici işlər nazirinin müavini Adil xan Ziyadxanın nəvəsi idi. Öz növbəsində Adil xan Ziyadxan sonuncu Gəncə xanı Cavad xanın və Qacar taxtının vəliəhdi Abbas Mirzə Qacarın nəticəsi idi.

1930-cu ildə İstanbulda anadan olan Leyla Keykurun-Xanxoylu ali təhsil alaraq riyaziyyat müəllimi ixtisasına yiyələnmişdi. Cümhiyyət qurucularından Nağı bəy Şeyxzamanlı-Keykurunun oğlu Yavuz bəylə ailə həyatı qurmuşdu.

Prezident İlham Əliyevin 27 may 2019-cu il tarixli sərəncamına əsasən, Xoyski və Şeyxzamanlı ailələrini təmsil edən Leyla xanım “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülmüşdü. O zaman göstərdiyi böyük diqqət və qayğı üçün Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirən Leyla Keykurun-Xanxoylu “Mən ailəm adına bu medala layiq görüldüyüm üçün çox qürurluyam. Tək arzum Azərbaycanın müstəqilliyinin daimi olmasıdır” demişdi.

Diasporla İş üzrə Dövlət Komitəsi Leyla Keykurun-Xanxoylunun vəfatı ilə əlaqədar ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onların kədərinə şərik olur.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi