Ermənilərin Ağdamdan 200 il öncə didərgin saldığı həmvətənlərimiz - Gürcüstanın Qarabağlılar kəndindən - REPORTAJ - VİDEO

Ermənilərin Ağdamdan 200 il öncə didərgin saldığı həmvətənlərimiz - Gürcüstanın Qarabağlılar kəndindən - REPORTAJ - VİDEO Azərbaycan xalqı son 200 ildə dəfələrlə ermənilərin məqsədyönlü etnik təmizləmə və soyqırımı siyasətinin faciəvi və ağrılı mərhələləri ilə üzləşib. Bu siyasətin qurbanlarına çevrilmiş minlərlə qarabağlı həmvətənimiz öz dədə-baba yurdlarını tərk edərək qon
Diaspor
30 İyul , 2022 11:09
Ermənilərin Ağdamdan 200 il öncə didərgin saldığı həmvətənlərimiz - Gürcüstanın Qarabağlılar kəndindən - REPORTAJ - VİDEO

Azərbaycan xalqı son 200 ildə dəfələrlə ermənilərin məqsədyönlü etnik təmizləmə və soyqırımı siyasətinin faciəvi və ağrılı mərhələləri ilə üzləşib. Bu siyasətin qurbanlarına çevrilmiş minlərlə qarabağlı həmvətənimiz öz dədə-baba yurdlarını tərk edərək qonşu Gürcüstanda da məskən salmağa məcbur olublar.

“Report”un yerli bürosunun əməkdaşları qarabağlıların Gürcüstandakı yurdu - Qarabağlılar kəndini ziyarət edib, soydaşlarımızın qonşu ölkəyə pənah aparmasının və yaşayış məntəqəsinin salınma tarixçəsini araşdırıb.

Bu kəndə son illərdə bir neçə dəfə getmək planımız olsa da, baş tutmurdu. Pandemiyanın yaratdığı məhdudiyyətlər də niyyətimizi reallaşdırmağa imkan vermirdi. Bəlkə də qarabağlılarla görüşümüz məhz Qarabağın azadlığa qovuşmasından sonra yaşadığımız Qələbə sevincinin yaratdığı qürur və sevinc hissi ilə baş tutmalı idi.

Muradbəylidən qovulan Muradbəylilər

Doğma torpaqda yaşamaq hüququ əllərindən qəddarlıq və qəsbkarlıqla alınan və qonşu Gürcüstana pənah aparan soydaşlarımızdan biri də Ağdamın Muradbəyli kəndinin sakini Murad Muradbəylinin ailəsi olub. O, dörd oğlu və iki qızı ilə Gürcüstana üz tutub və indiki Kaspi rayonunda məskən salıb. Doğma Vətəndən didərgin düşmüş Muradbəylilər nəslinin davamçıları hazırda Çanqilari kəndində yaşayır. Bu kənd el arasında daha çox Qarabağlılar adı ilə tanınır.

Qeyd edək ki, Kaspi rayonu Gürcüstanın şərqindəki Şida Kartli bölgəsinə aiddir, Çanqilari kəndi paytaxt Tbilisidən 54 kilometr aralıda yerləşir.

Kəndə ana tərəfdən Qarabağlılar kəndindən olan Aşıq Nargilə Mehtiyeva ilə yollanırıq. Kənd sakini Muradbəylilər nəslinin üzvü Qulu Cəfərovun evində qonaq oluruq. Soydaşımızın ailəsi bizi qonaqpərvərlik və səmimiyyətlə qarşılayır.

Muradbəylilərin həyatının ən ağrılı-acılı dövrü doğma Ağdamdan didərgin salınmalarıdır. Həmin səhifələri vərəqləmək üçün kəndin ən yaşlı sakini Səfər Cəfərovla qardaşıoğlugilin evində həmsöhbət oluruq. Güclü yaddaşa sahib olan 89 yaşlı soydaşımız babası Murad kişinin Gürcüstanda məskən salmağa məcbur edən səbəblərdən ətraflı söz açır.

Söhbət zamanı məlum olur ki, Muradbəyli ailəsi 1813-cü ildə Ağdamın Muradbəyli kəndində qonşuluqda yaşayan ermənilərin amansızlığı ilə üzləşib. S.Cəfərovun sözlərinə görə, ermənilərin kənddə saldıqları dava nəticəsində ailənin bir neçə üzvü vəhşicəsinə qətlə yetirilib. Bu hadisədən sonra ermənilərin təqibi ilə üzləşən Murad Muradbəyli gecə ilə 4 oğlu – Səfər, Qəfər, Cəfər, Məşədi Ağaməmməd və 2 qızı – Zəhra və Məsməni götürərək Gürcüstana üz tutur. Doğma yurdu tərk edərkən sahib olduqları mal-qaranı kənddə qoymağa məcbur qalırlar. Gürcüstana yalnız qır-qızıl apara bilirlər. Murad kişinin 4 qardaşı və digər bir qızı isə İrana keçir. Onların taleyi indiyədək naməlum qalır.

Ağdamlının gürcü bəyin dəlisov atını ram etməsi ilə əldə olunan torpaq

Cəfər Muradbəyli Muxrani kəndində Muxran batoni – Muxran bəyin evində nökər olur. Muradbəylilərin Çanqilari kəndinə məskunlaşması məhz Cəfər kişinin adı ilə bağlıdır. Səfər kişi həmin hadisəni belə nəql edir: “Muxran bəyin babasından qalma bir dəlisov atı var idi. O, bir gün deyir ki, bu atı kim minib yola gətirəcək ona nə istəsə verəcəm. Babam Cəfər kişi razılaşır. Atı gətirirlər. Ona deyirlər ki, çətin bu atı minəsən, səni yıxırdacaq. Cəfər kişi heç kəsə qulaq asmır və minəcəyini deyir. Babam qadın şalı gətizdirir. Yavaş-yavaş atın yan tərəfi ilə gedir, gözünün bir tərəfini örtür və ata yaxınlaşır. Şalı atın belinə atır. At hoppanır, dartılır, çapalayır və belində babam qaçır. Sonra atın ağzına ot verir. Əkin yerində atı o qədər qaçırdır ki, o artıq gəzə bilmir. Beləliklə, atı yorur. Bəy Cəfər babamdan nə istədiyini soruşanda Cəfər kişi cavabında torpaq deyir. Muxran bəy də babama bu kəndin torpağını verir və burada üç əmim də məskunlaşır. Kənd yeni yurdumuza çevrilir. Ağdamdan gətirdikləri qızıla çoxlu kiçik və iribuynuzlu mal-qara alırlar. Sayını 20-30 min başa qədər artırırlar”.

Cəfər kişi kənddə 20 il yaşayır. Vəfat edəndən sonra Muradbəylilər nəslinin davamçıları onun adını soyad kimi götürürlər. Muradbəylilər nəslinin davamçıları Cəfərov soyadını daşıyırlar. Soydaşlarımız Gürcüstanda hər növbəti nəsildə nənə-baba adlarını yaşadırlar.

Ağdama mümkün olmayan qayıdış

Səfər kişi danışır ki, babası Cəfər Muradbəyli 5 ildən sonra geri Ağdama qayıtmaq istəyir: “Gizlincə doğma kəndə gedir və görür ki, evlərindən bir daş olsun belə qalmayıb. Babam görür ki, evləri-eşikləri yerlə yeksan olunub”.

Söhbətimizin bu məqamında elə təəssürat yaranır ki, müsahibim sanki Ağdamın indiki – işğaldan sonrakı vəziyyətini təsvir edir: daş-daş üstə qalmayıb, yerlə yeksan edilmiş evlər.... Əsrlər dəyişib, erməni vandalizminin “dəsti-xətti” isə dəyişməyib.

Söhbətimizə qoşulan Qulu Cəfərov bildirir ki, əvvəllər Çanqilari kəndində gürcülər yaşayıb: “Sonra onlar harasa köçüblər və kənd boşalıb. Bizim qarabağlılar gəlib burada məskunlaşıblar. Bizimkilər gələndə buralar meşəlik idi, canavarlar var idi. Qarabağlılar kəndi salıb, maldarlıqla məşğul olublar”.

Q.Cəfərov kəndin adının mənasını belə izah edir: “Gürcülərdə çonquri adlı milli simli musiqi aləti var. Telə, simə gürcülər “lari” də deyirlər. Bu kənd sanki alətin gövdəsi boyu yerləşib və Çanqilari “çonqurinin simi” mənasını verir”.

Meyvə bağlı Qarabağlı indi susuz qalıb

Söhbət zamanı hazırda Qarabağlılarda 60 evin olduğu məlum olur. Yerli sakinləri bir-birinə qohumluq əlaqələri birləşdirir. Kənd sakinlərini narahat edən məsələləri də maraqlanırıq. Vaxtilə kənddə çoxlu barlı meyvə bağları, lobya, soğan sahələri də olub. Kənddə bol üzüm, alma, şaftalı yetişərdi. Lakin 2008-ci ildə Gürcüstan və Rusiya arasında baş vermiş avqust müharibəsi nəticəsində kəndi suvarma suyu ilə təmin edən arxlar dağıdılıb. Qaz, elektrik enerjisi ilə təchiz olunan kəndin yeganə problemi susuzluqdur. Soydaşlarımız içməli suya olan tələbatlarını həyətlərindəki quyuların hesabına təmin edirlər. Aidiyyəti qurumlar arxların bərpa olunacağına söz versələr də, illərdir vəd yerinə yetirilmir.

Qarabağlıların məktəbi yoxdur, uşaqlar qonşu kənddəki məktəblərdə təhsil alırlar. Kəndin məscidi var. Dini ocağı sakinlər öz hesablarına yaradıblar.

S.Cəfərov müharibədən sonra Bakıya köçdüyünü və 9 il Yeni Günəşli qəsəbəsində yaşadığını bildirib. Lakin kəndə olan bağlılıq, yaxınlarının Gürcüstan torpağında uyuması onu Qarabağlılara qayıtmağa vadar edib.

Müsahibimiz İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetini bitirib. Gürcüstanın hüquq-mühafizə sistemində polis mayoru rütbəsinə qədər uzun illər çalışıb. Daha sonra Kaspi rayonunda 20 il ferma müdiri olub. Beş evlilikdən 6 övladı dünyaya gəlib, külfəti uşaqları, nəvələri, nəticələri və kötükcələri daxil olmaqla 45 nəfərdən ibarətdir.

“Vətənim Ağdamdır, amma görməmişəm”

Səfər kişinin indi bütün ağdamlılar kimi ən böyük arzusu 30 ilə yaxın işğaldan azad edilən Ağdama getməkdir. “Bizim vətənimiz Ağdamdır” deyən soydaşımız oranı görməməsinə çox təəssüf edir: “Ulu nənə-babalarımız orada dəfn edilib. Bu dünyada heç nə istəmirəm. Bir tək babamgilin vətənini gedib görməkdir arzum, ondan sonra ölsəm də olar. Ürəyim elə çox istəyir Ağdama getməyi. Muradbəyli kəndində mülk tikib yaşayaram. Ora babalarımın yurdudur. Ağdama getmək imkanım olsa idi, yalvara-yalvara gedərəm. Doğrudur, Gürcüstanda evim-eşiyim var, amma harada yaşasan da Vətən torpağı və öz millətin hər şeydən əzizdir. Niyyət etmişəm ki, doğma yurda ayaq basan kimi torpağını öpəcəyəm. Ağdama getsəm, o torpaqda uyuyan ulu nənə-babalarımın da ruhu şad olar”.

“Azərbaycan Ordusu üçün dua edirdik”

Soydaşımız Azərbaycanın Vətən müharibəsi dövründə Qarabağlılar kəndində böyük həyacanın yaşandığını söyləyir: “Həmin günlərdə boğazımızdan çörək keçmirdi, yuxumuz ərşə çəkilmişdi. Azərbaycan Ordusunun qalib gəlməsi üçün dua edirdik. Televizorun qarşısında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarını həyacanla izləyirdik. Ağlaşırdıq, sevinirdik. İlham Əliyevin dəmir yumruğu öz gücünü göstərdi, biz bundan böyük qürur hissi keçirirdik. Azərbaycan telekanallarında Şuşada keçirilən konsertlər nümayiş etdiriləndə böyük sevinclə izləyirik. Allah Azərbaycanı və onun dövlət başçısını saxlasın”.

Ağdamdan yadigar qalan xəncər və təsbeh

Həmsöhbətimdən babalarından Ağdama aid hər hansı bir xatirə əşyasının qalıb-qalmadığını maraqlanırıq. Elə bu vaxt Qulu müəllim atası Abbasəli Muradbəylinin xəncər və təsbehini gətirir. Nəsildən-nəsilə ötürülən dəyərli əşyaları görən kimi Səfər kişinin gözləri dolur, yadigar əşyaları öpüb alnına qoyur.

Ağdamlıların vaxtilə Qarabağ xalçaları da olub. Lakin maddi sıxıntı keçirdikləri zaman onları köhnə xalça alanlara satmağa məcbur olublar.

Hədiyyə Vətən torpağı və Qələbə rəmzimiz

Maraqlı söhbətimizin sonuna yaxın Səfər kişiyə hədiyyə gətirdiyimizi bildiririk. Gözlənilməz hədiyyələrimizə çox təəccüblənir. Ən çox da ömrü boyu ayaq basa bilmədiyi doğma Vətən torpağını görüncə. Titrəyən əlləri ilə Qarabağ torpağını öpüb alnına qoyur. Sanki həsrətində olduğu doğma kəndinin qoxusunu alır. Gözləri dolur. İkinci hədiyyəmiz Vətən müharibəsində Zəfərimizin rəmzi Xarıbülbülün təsviri olan kiçik ölçülü xalçadır. Bu xalça Azərbaycanın Gürcüstandakı səfirliyinin 31 Dekabr - Yeni il və Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətilə “Report”un yerli bürosuna hədiyyəsi idi. Hədiyyədən hədiyyə olmaz deyirlər, amma xalça Vətən həsrəti ilə yaşayan qarabağlıya daha layiq və dəyərli paydır. “Vətən xalçasıdır. Sağ ol, bala. Allah səni saxlasın” deyir Səfər baba.

Ağdamı görmək ümidi

Soydaşımızın gələn ilin iyun ayında 90 yaşı tamam olacaq. Ona uzun ömür və 90 illik yubileyini Ağdamda qeyd etməyini arzulayırıq. Onunla sağollaşanda bu arzusunun həyata keçməsinə çalışıb köməklik göstərəcəyimizi bildiririk. “Görək bala. İnşallah” deyir. Hədiyyələrə görə təşəkkür bildirib, Qarabağ torpağını evinin həyətinə səpəcəyini deyir. Evinə doğru yollanır. Onun arxasınca baxırıq. Sanki yol boyu Allaha Ağdamı görmək üçün ürəyində dua edir, ondan bir az da ömür istəyir. Bizimlə söhbətdən sonra doğma yurda getmək ümidi bəlkə də daha da güclənib. Ümid işığınız sönməsin, nurlu ağsaqqal!

Əbədiyyətə Qarabağ həsrəti ilə qovuşanlar

Qarabağlıları tərk etməyə hazırlaşırıq. Kənd qəbiristanlığına baş çəkməyə qərar veririk. Nargilə xanımla köhnə məzarların olduğu yerə istiqamət alırıq. Muradbəylilər nəslindən olan həmvətənlərimizin məzarlarını ziyarət edirik. Cəfər Muradbəylinin ailə üzvlərinin hamısının başdaşılarında ad və soyadlardan öncə Qarabağlı sözünün yazıldığını görürük. Qarabağlı olduqlarından qürur duyan soydaşlarımız əbədiyyətə Qarabağ həsrəti ilə qovuşublar.

Həmin nəsildən olan Zəhra Cəfər qızının başdaşına isə bu bayatı həkk edilib:

“Əzizinəm Vətən yaxşı,

Geyməyə kətan yaxşı

Gəzməyə qürbət ellər,

Ölməyə Vətən yaxşı”

Ağdam sizi gözləyəcək

Tbilisiyə qayıdırıq. Yol yoldaşlarımla bu fikri özümüzdə qət edirik ki, Azərbaycanın 30 illik erməni işğalına son qoyması həm də 200 il bundan qabaq öz doğma yurdlarından didərgin salınmış qarabağlıların da narahat ruhlarının rahatlıq tapması deməkdir. Qarabağlılar kəndi ermənilərin etnik təmizləmə siyasətinin ilk mərhələlərinin bariz nümunəsi və sübutudur. Həmvətənlərimiz və soydaşlarımız əsrlərdir Gürcüstanda yaşasalar da, Qarabağa güclü bağlılıqları onları heç vaxt tərk etməyib. Əslən Qarabağdan olanlar arasında Qarabağ həsrətini ən çox çəkənlər də məhz onlardır.

Səfər babanın nəql etdikləri sənədli film üçün maraqlı tarixi faktlarla dolu hazır ssenaridir.

Əziz həmvətənlər, sizin də böyük həsrətinizə son qoyulub. Siz Ağdama getməyi səbirsizliklə gözlədiyiniz kimi, azad Ağdam da, Muradbəyli də doğma sakinləri üçün çox darıxıb. Ağdam sizi gözləyəcək. Ulu Tanrı tezliklə qovuşdurar.

Gürcüstanlı qarabağlıların azad Qarabağ torpağına ayaq basacaqları günün çox uzaqda olmadığına böyük ümid və Səfər babaya “Hazırlaşın. Sizi Ağdama aparırıq” müjdəsini vermək arzusu ilə.

Son xəbərlər

Orphus sistemi