ABŞ-ın Nyu-York şəhərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub.
“Report”un ABŞ bürosu xəbər verir ki, bununla bağlı Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatlar, ABŞ-da fəaliyyət göstərən təşkilat və dərnək rəhbərləri, Nyu-Yorkda yaşayan Azərbaycan icmasının nümayəndələri və dost ölkələrin diasporunun təmsilçiləri iştirak ediblər.
Mərasim Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev çıxışında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən söz açıb, bu ənənənin dünya azərbaycanlılarının milli kimliyinin inkişafındakı önəmindən bəhs edib.
O vurğulayıb ki, 31 dekabr ümummilli lider Heydər Əliyev tərəfindən dünya azərbaycanlılarına ərmağan olunan və milli kimlik, azərbaycançılıq dəyərlərinə verilən ən önəmli töhfələrdən biridir.
Y.Əliyev qalib Azərbaycanın adının ABŞ-da yüksək səviyyədə təmsil olunması naminə fədakar xidmətlər göstərən diaspor fəallarına minnətdarlığını bildirib.
Gecədə çıxış edən Nyu-York şəhər meriyasının beynəlxalq əlaqələr üzrə komissarı Edvard Mermelşteyn ABŞ-da fəaliyyət göstərən Azərbaycan icmasına xoş arzularını çatdırıb. O, Nyu-York azərbaycanlılarına şəhərin ictimai və siyasi, iqtisadi, sosial və mədəni inkişafına verdikləri töhfələrə görə təşəkkür edib.
Azərbaycanın milli musiqi irsini ABŞ-da təbliğ edən, Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı, kamança ifaçısı Cefri Verbokun tar və kamançada solo ifası olub. Musiqiçinin ifa etdiyi “Şur” muğamı qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
Gecədə ABŞ-da fəaliyyət göstərən gənc azərbaycanlı musiqiçilər Rizvan Əliyev və Röya Əliyeva tərəfindən Azərbaycan xalq və bəstəkar mahnılar ifa olunub.