Diaspor təşkilatları Laçının işğalına həsr edilən videokonfrans keçirib

Diaspor təşkilatları Laçının işğalına həsr edilən videokonfrans keçirib Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları “Laçının işğalı: böyuk itkinin qiyməti və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin rolu” mövzusunda konfrans təşkil edib.
Diaspor
117
18 May , 2020 18:08
Diaspor təşkilatları Laçının işğalına həsr edilən videokonfrans keçirib

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları “Laçının işğalı: böyuk itkinin qiyməti və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin rolu” mövzusunda konfrans təşkil edib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.  

Laçın rayonunun erməni silahlı biləşmələri tərəfindən işğal edilməsinin 28-ci ildönümünə həsr olunmuş videokonfrans Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası, Benilüks Azərbaycanlıları Konqresi və Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə baş tutub.

Videokonfransda Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri, Hollandiya Azərbaycan-Türk Kültür dərnəyinin rəhbəri İlhan Aşkın, Benilüks Azərbaycanlıları Konqresinin nümayəndələri Sima Cəfərova və Zərifə Süleymanova, Niderlandda təhsil alan tələbə gənclər, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşları Səlhət Abbasova, Aytən Tanrıverdiyeva, Əsir və itkin düşmüş, girov götürülmüş insanlarla İş üzrə Dövlət Komissiyasının sədr müavini Eldar Səmədov, “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrini müdafiə təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov, “Müharibə veteranı qadınlarına sosial yardım” İçtimai Birliyinin sədri, Qarabağ qazisi Radə Abbas, “Beynəlxalq dialoq və inkişaf alyansı” ictimai birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova və Laçın sakini, həkim Orxan Cəbrayılov iştirak ediblər.

Virtual konfrans Qarabağ şəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricilərindən biri olan Mayisə Ağamirzəyeva çıxışı zamanı Azərbaycanın Laçın rayonunun işğalından, Qarabağ müharibəsinin dövlətimizə və xalqımıza vurduğu maddi-mənəvi zərbələrdən, erməni faşizminə qarşı xalqımızın və dövlətimizin apardığı mübarizədən, bu mücadilədə xaricdə yaşayan soydaşlarımızın rolundan danışıb.

Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova Laçının işğal olunması faktını tariximizin dəhşətli və qanlı səhifəsi adlandırıb. Xaricdə yaşayan soydaşlarımızın da tariximizin ağrılı-acılı hadisələrini unutmadığını, Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar həqiqətləri nüfuzlu dünya təşkilatlarının diqqətinə çatdırılmasında diasporun vacib rolunu, Dövlət Komitəsinin bu istiqamətdə onların fəaliyyətini hər zaman dəstəklədiyini bildirib.

Əsir və itkin düşmüş, girov götürülmüş insanlarla İş üzrə Dövlət Komissiyasının sədr müavini Eldar Səmədov bildirib ki, əslində Laçın heç bir vaxt Dağlıq Qarabağın tərkib hissəsi olmayıb, amma Laçın dəhlizi düşmən üçün böyük strateji əhəmiyyətə malik olduğundan, Ermənistan hərbi qüvvələri o zaman yaranmış xaotik vəziyyətdən sui-istifadə edərək Şuşanın işğalından sonra Laçını da zəbt ediblər.

Tədbirdə çıxış edən digər natiqlər – Nüşabə Məmmədova, Faiq İsmayılov, Orxan Cəbrayılov, İlhan Aşkın, Sima Cəfərova və Radə Abbas Laçının işğalı barədə faktlardan, tarixi və mədəni abidələrin ermənilər tərəfindən məhv edilməsindən, Laçın həqiqətlərinin gələcək nəsillərə düzgün çatdırılması üçün aparılan araşdırmalardan, torpaqlarımızın düşmən tapdağından azad edilməsi naminə bütün mümkün vasitələrdən istifadə edilməsinin vacibliyindən danışıblar. Onlar Azərbaycanın dilbər guşəsi olan qədim Qarabağımızın erməni faşistlərinin işğalından azad edilməsinə görə hamılıqla səfərbərliyə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün diaspor təşkilatlarına kömək etməyə hazır olduqlarını vurğulayıblar.

Videokonfransın digər iştirakçıları da səsləndirilən fikirlərlə həmrəy olduqlarını bildiriblər.

Orphus sistemi