Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə bir qrup diaspor nümayəndəsi Şuşaya səfər edib.
Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində beşinci dəfə gerçəkləşən səfərdə 27 ölkədən 130 diaspor nümayəndəsi iştirak edir.
Səfər zamanı diaspor nümayəndələri mədəniyyət paytaxtımızın baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər görməli yerləri ziyarət edəcək, post-müharibə dövründə qədim şəhərimizdə aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olacaqlar.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi 2021-ci ildə dörd dəfə (iyulun 27-də, avqustun 17-də, oktyabrın 9-da və dekabrın 2-də) diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərlərini təşkil edib. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfərlər Azərbaycan diaspor tarixinin ən mühüm tədbirlərindən biridir.