Diaspor nümayəndələri: “İlham Əliyevi daim Prezident görmək arzusundayıq”

Diaspor nümayəndələri: “İlham Əliyevi daim Prezident görmək arzusundayıq” 7 fevral 2024-cü ildə Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri yaxınlaşdıqca, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız seçkilərlə bağlı mövqelərini açıqlayırlar.
Diaspor
1 Fevral , 2024 18:34
Diaspor nümayəndələri: “İlham Əliyevi daim Prezident görmək arzusundayıq”

7 fevral 2024-cü ildə Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri yaxınlaşdıqca, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız seçkilərlə bağlı mövqelərini açıqlayırlar.

"Report" xəbər verir ki, ayrı-ayrı ölkələrdə yaşayan həmvətənlərimiz “Facebook” sosial şəbəkəsində yaratdıqları “BİZ – Zəfər Yoluna Davam!” platforması vasitəsilə dünya azərbaycanlılarını milli birlik nümayiş etdirərək, seçkilərdə fəal olmağa dəvət edirlər.

İrəvan xanlarının nəslinin Almaniyada yaşayan davamçısı Əmir Əli Sərdari İrəvani qarşıdan gələn seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəklədiyini, onun Azərbaycanın inkişafı naminə göstərdiyi xidmətləri və taleyüklü məsələlərin həllində nümayiş etdirdiyi qətiyyəti təqdir etdiyini, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın bundan sonra da inkişaf edəcəyinə və yeni-yeni zirvələr fəth edəcəyinə əminliyini ifadə edib: “Mən Sizi dəstəkləməklə yanaşı, icmalarla söhbətlərdə də fəal iştirak edir, seçki kampaniyanıza əlavə dəstək qazanmaq üçün çalışdığımı bildirmək istəyirəm”.

Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurası da fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində İlham Əliyevin namizədliyini qətiyyətlə dəstəklədiyini bəyan edib: “Qarşıya qoyulan hədəflərə isə yalnız dövləti və cəmiyyəti səfərbər edə bilən güclü və uzaqgörən Liderlə nail olmaq mümkündür. İlham Əliyev yüksək keyfiyyətləri, dövlət və xalq qarşısında misilsiz xidmətləri ilə Azərbaycana davamlı nailiyyətlər qazandıran, ölkəni daha parlaq gələcəyə aparan ən ideal namizəddir”.

Tel-Əviv şəhəri dağ yəhudilərinin baş ravvini Şmuel Siman Tov isə deyib ki, İsraildə yaşayan Azərbaycan diasporu İlham Əliyevi daim Prezident görmək arzusundadır: “Azərbaycan tarixinin ən şərəfli günlərini Sizin sayənizdə yaşadıq. Bizə bu qüruru yaşatdığınız üçün Sizə hər zaman minnətdarıq!”

Kanadanın Toronto şəhər Təhsil Mərkəzinin Xarici Dillər Bolməsinin Azərbaycan dili sinfinin rəhbəri və müəllimi Yeganə Cəfərova yazıb ki, hər an Azərbaycan dövlətinə, onun siyasətinə sadiq qalan diaspor nümayəndələri olaraq Prezident İlham Əliyevin Dünya Azərbaycanlıların V (Zəfər) Qurultayında dediyi tövsiyələri rəhbər tutaraq bu yolda yorulmadan çalışırlar: “Sizin ölkəmizin sülh işində yaşamasını təmin edən, xalqımızın rifahı və firavanlığı naminə çalışan yeganə namızəd olduğunuza qətiyyətlə əminəm. “Qalib Xalqın, Qalib Lideri” olaraq Sizə qarşıdan gələn 7 fevral tarixində keçiriləcək seçkilərdə qələbə qazanmağı arzulayıram”.

Gürcüstanın “Lider Media Təşkilatı”nın və 24News.ge xəbər portalının direktoru Azər Məmmədov qeyd edib ki, İlham Əliyevin apardığı siyasət xalqımıza, eləcə də dünyada yaşayan soydaşlarımıza başucalığı gətirib: “Siz Müzəffər Lider kimi 44 gün ərzində Azərbaycan torpaqlarının azad edilməsinə rəhbərlik etməklə, tarixi sərkərdə kimi yaddaşlara əbədi həkk olmusunuz. Qarşıdan gələn növbədənkənar Prezident seçkilərində Sizi dəstəkləyirik və uğurlu qələbənizə bir daha şahid olacağımızı səbirsizliklə gözləyirik”.

Latviyanın Riqa şəhərində fəaliyyət göstərən “Azəri” Gənclər Təşkilatı da 7 fevral seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəkləməyə qərar verib. Bu barədə təşkilatın sədri Amil Səlimov bildirib: “Siz ölkə tariximizin ən şanlı səhifələrindən birinə imza ataraq, Müzəffər Ali Baş Komandan kimi Azərbaycanın bütün torpaqlarının işğaldan azad edilməsinə nail olmusunuz. Səsvermə hüququ olan hər bir soydaşımızı 7 fevral Prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləməyə dəvət edirik. Sizin liderliyinizin davam etməsi vətənimizdə daha da güclü və firavan bir həyatın olacağı deməkdir”.

Kanadanın Alberta əyalətinin Kalqari şəhərində yaşayan cüdo üzrə məşqçi Vəsfi Əliyev İlham Əliyevə etimadının sarsılmaz olduğunu vurğulayıb: “Əminik ki, siz Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasının, xalqımızın suverenliyinin və firavanlığının təminatçısısınız. Qarşıdan gələn Prezident seçkilərində Sizə qələbə arzulayıram və qarşıdan gələn Olimpiya Oyunlarında Sizin rəhbərliyiniz altında Azərbaycanın uğurlarının şahidi olmaq istəyirəm”.

Son xəbərlər

Orphus sistemi