Diaspor könüllülərinin təşəbbüsü ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan xüsusi aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, aksiya çərçivəsində əksəriyyəti qaçqın və məcburi köçkün gənclərdən ibarət olan 100-lərlə diaspor könüllüsü Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması və bu faciəyə ədalətli siyasi-hüquqi qiymət verilməsi üçün müxtəlif ölkələrin parlamentarilərinə kütləvi müraciətlər ünvanlayıb.
ABŞ, Almaniya, Fransa, İtaliya, İsveç, Norveç, Macarıstan, Türkiyə, Rusiya da daxil olmaqla, ümumilikdə 50-dən çox ölkənin millət vəkillərinə göndərilən müraciətlərə “Xocalıya ədalət!” kampaniyasına dair petisiyanın mətni də əlavə olunub.
İştirakçılar aksiya zamanı paralel olaraq internet üzərindən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına da dəstək veriblər.
Diasporla İş üzrə Dövlət Komitəsində toplaşan könüllülər öz şəxsi e-maillərindən müxtəlif ölkələri təmsil edən 10 mindən çox deputatın e-mail ünvanlarına müraciətlər göndəriblər.