Diaspor Komitəsinin sədri Almaniyada yaşayan azərbaycanlılarla görüşüb

Diaspor Komitəsinin sədri Almaniyada yaşayan azərbaycanlılarla görüşüb Münhen şəhərində fəaliyyət göstərən "Azərbaycan Evi"ndə icma üzvləri ilə görüş keçirilib.
Diaspor
20 Sentyabr , 2021 16:44
Diaspor Komitəsinin sədri Almaniyada yaşayan azərbaycanlılarla görüşüb

Münhen şəhərində fəaliyyət göstərən "Azərbaycan Evi"ndə icma üzvləri ilə görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, tədbirdə çıxış edən komitə sədri Fuad Muradov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılmış şanlı qələbənin diaspor quruculuğunda yeni səhifə açdığını bildirib, Almaniyadakı Azərbaycan diasporu tərəfindən bu günədək görülən işləri yüksək qiymətləndirib, diaspor nümayəndələrini Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində bundan sonra da fəal olmağa çağırıb, Koordinasiya şuralarının və "Azərbaycan evləri"nin bu istiqamətdəki əhəmiyyətli rolundan söz açıb, soydaşlarımızı "Azərbaycan evləri"nin fəaliyyətində aktiv iştirak etməyə səsləyib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub, Dövlət Komitəsi tərəfindən nəşr olunan "Azərbaycan dili" dərsliyi, diaspor nümayəndələrinin Şuşa səfəri və diaspor gəncləri üçün yay düşərgələrindən də söz açılıb.

Daha sonra Münhen "Azərbaycan Evi"nin rəhbəri Səttar Kərimov, Köln "Azərbaycan Evi"nin sədr müavini Altay Rüstəmov və Almaniya Azərbaycanlılarının Koordinasiya Şurası İdarə Heyətinin sədri Yaşar Musayev hesabat xarakterli çıxış edərək, Vətən Müharibəsi dövründə təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat veriblər.

Çıxışlardan sonra diaspor nümayəndələrinin apardığı müzakirələr zamanı Dövlət Komitəsinin diaspor birliyi və həmrəyliyinə yönəlmiş addımları yüksək qiymətləndirilib, diaspor təşkilatlarının və “Azərbaycan evləri”nin gələcək fəaliyyəti ilə bağlı müxtəlif təkliflər irəli sürülüb, 27 sentyabr - Anım Günü və 8 noyabr - Zəfər Günü ilə bağlı iş planı təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi