Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan icması ilə görüş və Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, Azərbaycan Evində baş tutan görüşdə DİDK əməkdaşları, Azərbaycanın Macarıstandakı səfirliyinin nümayəndələri, Koordinasiya Şurasının əlaqələndiriciləri və icma üzvləri iştirak ediblər.
Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən ölkəmizin Macarıstandakı səlahiyyətli və fövqəladə səfiri Tahir Tağızadə xaricdə yaşayan soydaşlarımızın bir araya gəlməsində və təşkilatlanmasında Diasporla İş üzrə Dövlət Komitəsinin rolunu yüksək qiymətləndirib. Səfir bildirib ki, Vətən müharibəsində qazanılan qələbənin diplomatiya sahəsində möhkəmləndirilməsi baxımından səfirliyin və diasporumuzun rolu əvəzedilməzdir. Macarıstanın ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən dövlət olduğunu vurğulayan diplomat burada yaşayan soydaşlarımızın sayının artması, Macarıstan universitetlərində 900-dən çox azərbaycanlı tələbənin təhsil alması kimi amillərin ölkəmizin maraqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini, Dövlət Komitəsi ilə səfirliyin əməkdaşlığı çərçivəsində birgə layihələrin həyata keçiriləcəyini söyləyib. “Sizi səfirliklə əməkdaşlığa çağırıram. Biz “Dəmir Yumruq” kimi birləşməli və birgə çalışmalıyıq”, - deyə səfir əlavə edib.
DİDK sədrinin müavini Elşad Əliyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 27 sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciəti zamanı “xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının da ürəyi tarixi Vətəni ilə bir döyünürdü, onlar hər gün gedən döyüşləri izləyirdilər, bizim uğurlarımıza sevinirdilər” fikrini xatırladıb. Sədr müavini qeyd edib ki, qalib xalqımızın diasporunun, o cümlədən Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının və Macarıstandakı icmamızın fəaliyyətində yeni mərhələ başlayıb.
Budapeştdəki Azərbaycan Evinin yarandığı gündən soydaşlarımızı birləşdirən məkana çevrildiyi, pandemiya məhdudiyyətləri dönəmində burada soydaşlarımıza mənəvi və xeyriyyə dəstəyinin göstərildiyi, həftəsonu Azərbaycan məktəbinin yaradılmasının zəruri olduğu, Azərbaycan evlərində radioların fəaliyyətə başlaması prosesinə start verildiyi və sair məsələlər nəzərə çatdırılıb.
Tədbir komitənin son illərdəki fəaliyyətinə və Vətən müharibəsinə həsr olunmuş videoçarxların nümayiş etdirilməsi ilə davam edib.
Sonra Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib. Tədbirdə Koordinasiya Şuralarının ötən müddət ərzində gördüyü işlərlə bağlı əlaqələndiricilər hesabat xarakterli çıxışlar ediblər.
Toplantı 8 noyabr – Zəfər Günü ilə bağlı həyata keçiriləcək tədbirlər planının müzakirəsi və bədii proqramın nümayişi ilə yekunlaşıb.