BMT-nin Komitəsi Gürcüstanı azərbaycanlı qadının intiharını araşdırmağa çağırıb

BMT-nin Komitəsi Gürcüstanı azərbaycanlı qadının intiharını araşdırmağa çağırıb BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi Gürcüstan vətəndaşı Xanım Ceyranovanın ölümü ilə bağlı məsələni araşdırıb.
Diaspor
12 Noyabr , 2021 13:53
BMT-nin Komitəsi Gürcüstanı azərbaycanlı qadının intiharını araşdırmağa çağırıb

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi Gürcüstan vətəndaşı Xanım Ceyranovanın ölümü ilə bağlı məsələni araşdırıb.

“Report”un yerli bürosu xəbər verir ki, qəbul olunan qərarda Gürcüstanın qadına qarşı gender və namus zəminində zorakılıqla bağlı istintaqı təmin etmədiyi bildirilib.

X.Ceyranova 2014-cü ildə Saqareco rayonunun Ləmbəli kəndində özünü asaraq intihar edib. BMT-nin Komitəsi onun iki övladının şikayətini araşdırdıqdan sonra rəyini açıqlayıb.

Rəydə qeyd olunub ki, etnik azərbaycanlı və Gürcüstan vətəndaşı X.Ceyranova həyat yoldaşının qohumları tərəfindən nikahdankənar münasibtlərdə ittiham olunub. 2014-cü ilin sentyabrın 16-da ərinin üç qohumu qadına hücum edib, onu kənd boyu sürüyərək o qədər döyüblər ki, o, bir neçə dəfə huşunu itirib.

Qeyd olunub ki, hadisə ilə bağlı saxlanılan olmayıb və X.Ceyranova xəstəxanaya yerləşdirilməyib. Bir gün sonra anası qızını bağçadakı talvardan asılı vəziyyətdə aşkarlayıb. Polisin hadisə yerində məhkəmə-tibbi ekspertiza aparmasına ailəsi icazə verməyib.

İş üzrə istintaq başlasa da, tez bir zamanda başa çatdırılıb. Prokurorluğun qərarına əsasən, qadın intihar edib.

Komitə Gürcüstanı X.Ceyranovanın ölümü ilə bağlı təxirəsalınmaz, ətraflı və müstəqil istintaq aparmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb. Qurum həmçinin Gürcüstandan adekvat kompensasiya da daxil olmaqla, müvafiq təzminat təmin etməyi, həmçinin X.Ceyranovanın övladlarından rəsmi üzr istənilməsini də xahiş edib.

Xanım Ceyranova
Xanım Ceyranova

Son xəbərlər

Orphus sistemi