IV Qlobal Bakı Forumu başlayıb

IV Qlobal Bakı Forumu başlayıb Foruma 53 ölkədən 300-dən çox nümayəndə qatılıb
Diaspor
10 Mart , 2016 10:01
IV Qlobal Bakı Forumu başlayıb

Bakı. 10 mart. REPORT.AZ/ Bu gün saat 10.00-da Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə İnterAaction Council, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində IV Qlobal Bakı Forumu başlayıb.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər.

Forumda habelə Albaniya, Manteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina və Gürcüstan prezidentləri iştirak edirlər. Bundan başqa, 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla 53 ölkədən 300-dən çox nümayəndə Foruma qatılıb.

“Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunub. Bundan başqa, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri ilə bağlı məsələlər də forumun gündəliyinə daxil edilib.

Qeyd edək ki, bu forum, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən dördüncü toplantıdır. İlk Forum (Cənubi Qafqaz Forumu) 2013-cü ilin 5-8 may tarixində 29 ölkədən 142 nümayəndə iştirakı ilə “Müştərək cəmiyyətlər və qadın azadlıqları” mövzusunda təşkil olunub.

İkinci Forum (Açıq Cəmiyyətlər Forumu) 2014-cü il 27-29 aprel tarixində “Post 2015 gündəliyi və müştərək cəmiyyətlər” mövzusunda keçirilib. II Forumda 42 ölkədən 165 nümayəndə iştirak edib.

2015-ci ilin 28-29 aprel tarixində keçirilmiş III Qlobal Bakı Forumunun mövzusu isə “Yeni dünya düzənində etimadın bərpa edilməsi” olub və bu Foruma dünyanın 72 ölkəsindən 350-dən çox nümayəndə qatılıb.

Hər üç forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib və nitq söyləyib.

Son xəbərlər

Orphus sistemi